“Yeni Klinika”da orqan donorluğuna həsr olunan maarifləndirici seminar və praktik cərrahi kurs keçirilib

05.11.2026

“Yeni Klinika”da orqan donorluğuna həsr olunan maarifləndirici seminar və praktik cərrahi kurs keçirilib

Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi və Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə orqan donorluğunun əhəmiyyəti, ölkəmizdə transplantasiya sahəsində əldə olunan nailiyyətlər, mövcud imkanlar və inkişaf perspektivləri müzakirə olunub.

Seminarda çıxış edən Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova Azərbaycanda orqan donorluğu və transplantasiya sisteminin formalaşması, bu sahədə həyata keçirilən tədbirlər və mövcud mexanizmlər barədə məlumat verib.

O, transplantasiya proqramlarının uğurlu inkişafında beyin ölümü diaqnozunun vaxtında və düzgün müəyyənləşdirilməsinin, donor orqanların əldə olunmasının və tibb müəssisələri arasında səmərəli koordinasiyanın mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Həmçinin orqan donorluğu ilə bağlı cəmiyyətin məlumatlandırılmasının və tibb mütəxəssislərinin bu prosesdə fəal iştirakının vacibliyini qeyd edib.

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev isə çıxışında ölkəmizdə ürək transplantasiyası sahəsində əldə olunan nailiyyətlərdən danışıb.

Professor bildirib ki, Azərbaycanda və Qafqaz regionunda ilk ürək transplantasiyası əməliyyatının birinci ildönümü münasibətilə təşkil olunan “Ürək transplantasiyası həftəsi” bu sahədə əldə edilmiş nəticələrin qiymətləndirilməsi və gələcək inkişaf perspektivlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.

O qeyd edib ki, ötən ilin oktyabr ayından etibarən Mərkəzi Klinikada dörd ürək transplantasiyası əməliyyatı həyata keçirilib. Bu istiqamətdə əldə olunan uğurların davamlılığı üçün orqan donorluğu sisteminin inkişafı, tibbi kadrların hazırlanması və cəmiyyətdə donorluq mədəniyyətinin təşviqi xüsusi əhəmiyyət daşıyır.

Maarifləndirici seminarın ardınca həkimlər və rezidentlər üçün heyvan ürəkləri üzərində praktik cərrahi kurs keçirilib.

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev və Cəmiyyətin sədri, tibb elmləri doktoru Ramil Əliyevin iştirakı ilə təşkil olunan kursda iştirakçılar heyvan ürəkləri üzərində praktik məşğələlər vasitəsilə ürək-damar cərrahiyyəsində tətbiq edilən müasir cərrahi texnikalar və transplantasiya sahəsindəki yanaşmalarla tanış olublar.

Təlimin əsas məqsədi iştirakçıların nəzəri biliklərinin möhkəmləndirilməsi, praktik cərrahi bacarıqlarının təkmilləşdirilməsi və transplantasiya sahəsində peşəkar inkişaflarına dəstək göstərilməsi olub. Qeyd edək ki, 31 oktyabr – 6 noyabr tarixlərini əhatə edən “Ürək transplantasiyası həftəsi” çərçivəsində elmi-praktiki konfranslar, maarifləndirici görüşlər və təlim kursları təşkil olunur. Tədbirlər orqan donorluğunun təşviqinə, transplantasiya sahəsində peşəkar əməkdaşlığın genişləndirilməsinə və tibbi kadr potensialının gücləndirilməsinə xidmət edir.