“Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib

30.09.2026

“Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib

29 sentyabr – Dünya Ürək Günü münasibətilə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti tərəfindən “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib.

Mərkəzi Klinikada keçirilən tədbirdə ürək-damar xəstəliklərinin müasir diaqnostika və müalicə üsulları, ürək cərrahiyyəsində tətbiq olunan aktual yanaşmalar, eləcə də minimal invaziv cərrahiyyənin imkanları müzakirə edilib.

Əsas məqsəd ürək-damar xəstəliklərinin müasir diaqnostikası və cərrahi müalicəsi ilə bağlı aktual elmi yanaşmaların müzakirəsi, mütəxəssislər arasında təcrübə mübadiləsinin genişləndirilməsi və müasir tibbi biliklərin paylaşılmasıdır. 

Elmi-praktiki seminar çərçivəsində müxtəlif klinikalarda fəaliyyət göstərən mütəxəssislərin təqdimatları dinlənilib.

Dr. Gülşən Süleymanova “Koronar KT angioqrafiya və invaziv angioqrafiya”, Dr. Ziya Şahalıyev “Sol ana koronar arteriyanın (LMCA) cərrahiyyəsi. ESC/EACTS-in aktual təlimatları”, Dr. Faiq İsayev “İşemik ürək çatışmazlığının cərrahiyyəsi”, Dr. Beyrək Abbaszadə isə “Təkrar (Re-do) koronar şuntlama. Faydalı məsləhətlər və incəliklər” mövzularında məruzələrlə çıxış ediblər.

Təqdimatlardan sonra iştirakçıların sualları cavablandırılıb, mövzular ətrafında müzakirələr aparılıb və klinik təcrübə mübadiləsi həyata keçirilib.

Qeyd edək ki, seminar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 4 kredit balı ilə qiymətləndirilib.