“Ürək transplantasiyası həftəsi”nə yekun vurulub
“Ürək transplantasiyası həftəsi”nə yekun vurulub
Noyabrın 6-da Səhiyyə Nazirliyinin Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) orqan donorluğuna həsr olunmuş maarifləndirici seminar və heyvan modeli üzərində eksperimental ürək transplantasiyası üzrə elmi-praktik təlim keçirilib. Bununla da Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunmuş “Ürək transplantasiyası həftəsi”nə yekun vurulub.
Tədbirdə orqan donorluğu və transplantasiya sahəsində mövcud imkanlar, əldə olunan nailiyyətlər, inkişaf perspektivləri və bu istiqamətdə maarifləndirmənin əhəmiyyəti müzakirə edilib.
Tədbirin açılışında institutun rektoru, professor Nazim Pənahov çıxış edərək ürək transplantasiyasının Azərbaycan səhiyyəsi üçün mühüm elmi və praktiki əhəmiyyət daşıdığını vurğulayıb. O, ölkəmizdə transplantologiya sahəsində əldə olunan nailiyyətlərin tibbi təhsilin inkişafı, müasir cərrahi yanaşmaların mənimsənilməsi və həkimlərin peşəkar hazırlığının gücləndirilməsi baxımından yeni imkanlar yaratdığını qeyd edib.
Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova çıxışında Azərbaycanda orqan donorluğu və transplantasiya sisteminin formalaşması, bu sahədə həyata keçirilən tədbirlər və mövcud imkanlar barədə məlumat verib.
O, transplantasiya proqramlarının uğurlu inkişafında beyin ölümü diaqnozunun vaxtında və düzgün müəyyənləşdirilməsinin, donor orqanların əldə olunmasının və tibb müəssisələri arasında səmərəli koordinasiyanın mühüm rol oynadığını vurğulayıb. Həmçinin orqan donorluğu ilə bağlı ictimai maarifləndirmənin genişləndirilməsinin və tibb işçilərinin bu prosesdə fəal iştirakının əhəmiyyətinə diqqət çəkib.
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev isə ölkəmizdə ürək transplantasiyası sahəsində əldə olunan nailiyyətlərdən və milli transplantasiya proqramının inkişaf perspektivlərindən danışıb.
Professor qeyd edib ki, 2025-ci ilin oktyabrında Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsi ölkəmizin səhiyyə tarixində mühüm mərhələ olub. Həmin vaxtdan etibarən Mərkəzi Klinikada dörd ürək transplantasiyası əməliyyatı icra edilib.
K.Musayev transplantasiya sahəsində əldə olunan nəticələrin davamlılığının təmin edilməsi üçün cərrahi imkanlarla yanaşı, orqan donorluğu sisteminin inkişafının, beyin ölümü diaqnostikasının düzgün təşkilinin və ixtisaslı tibbi kadrların hazırlanmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Seminar çərçivəsində Koordinasiya Mərkəzinin sədr müavini Günay Abbasova orqan donorluğuna həsr olunmuş təqdimatla çıxış edib. Təqdimatda donor olmağın əhəmiyyəti, orqan bağışlanmasının insan həyatının xilas edilməsində rolu və bu sahədə cəmiyyətin məlumatlandırılmasının vacibliyi diqqətə çatdırılıb.
Tədbirdə ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov da çıxış edərək orqan donorluğunun dini və mənəvi aspektlərindən danışıb. O, insan həyatının qorunmasının və xilas edilməsinin İslam dinində mühüm yer tutduğunu qeyd edib, orqan donorluğuna dini yanaşmalar və bu humanist təşəbbüsün mənəvi əhəmiyyəti barədə fikirlərini iştirakçılarla bölüşüb.
Maarifləndirici seminarın ardınca heyvan modeli üzərində eksperimental ürək transplantasiyasına həsr olunmuş elmi-praktik təlim keçirilib.
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev və Cəmiyyətin sədri, tibb elmləri doktoru Ramil Əliyevin rəhbərliyi ilə keçirilən təlimdə həkimlər və rezidentlər ürək transplantasiyasının cərrahi mərhələləri, əməliyyatın texniki xüsusiyyətləri və müasir cərrahi yanaşmalarla tanış olublar.
Eksperimental təlim nəzəri biliklərin praktiki müşahidə ilə əlaqələndirilməsi, transplantasiya sahəsində cərrahi bacarıqların inkişafı və mütəxəssislər arasında peşəkar təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətli olub.
Qeyd edək ki, 31 oktyabr – 6 noyabr tarixlərini əhatə edən “Ürək transplantasiyası həftəsi” Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının birinci ildönümü münasibətilə Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi və Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.
Həftə çərçivəsində “TRANSPLANT 360° – Diaqnostikadan transplantasiyaya” elmi-praktik konfransı, tibb müəssisələrində maarifləndirici görüşlər və praktik cərrahi təlimlər təşkil olunub. Tədbirlər orqan donorluğunun təşviqinə, transplantasiya sahəsində peşəkar əməkdaşlığın genişləndirilməsinə və tibbi kadr potensialının gücləndirilməsinə xidmət edib.