“Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunan aksiya keçirilib
“Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunan aksiya keçirilib
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin üzvü olan bir qrup həkim və tibb bacısı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmət Agentliyinin Xətai rayonunda yerləşən 3 nömrəli Uşaq Evində məskunlaşmış uşaqlar pediatr, kardioloq, kardiocərrah və psixiatr tərəfindən müayinə edilib. Müayinədən sonra müalicə kursu təyin olunub.
Mərkəzi Klinikanın həkim briqadasının təyin etdiyi müalicə kursuna uyğun olaraq KRKA Şirkəti onları lazımi dərman preparatları ilə təmin edib.
AÜDCC sədri, Mərkəzi Neftçilər Xəstəxanasının ürək cərrahiyyəsi şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Ramil Əliyev bildirib ki, Cəmiyyət tərəfindən mütəmadi olaraq bu cür xeyriyyə aksiyaları təşkil edilir:
“Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti olaraq biz hər il qocalar evinə və uşaq evlərinə bu cür ziyarətlər həyata keçiririk. 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə 3 nömrəli Uşaq Evində valideyn himayəsindən məhrum olan uşaqların yanında olduq. Burada məskunlaşmış 80 uşaq Cəmiyyətimizin üzvü olan həkimlər tərəfindən müayinədən keçirildi, onlara uyğun müalicə kursu yazıldı.”
Bu cür aksiyaların bundan sonra da davam etdiriləcəyini bildirən Dr. Ramil Əliyev əsas məqsədin müayinə və müalicəyə ehtiyacı olan vətəndaşlarımıza yardım etmək, sosial məsuliyyət yanaşmasını nümayiş etdirmək olduğunu deyib.