“Ürəyin üçün söz ver!” mövzusunda elmi-praktiki seminar keçirilib
“Ürəyin üçün söz ver!” mövzusunda elmi-praktiki seminar keçirilib
Hər il sentyabrın 29-da bütün dünyada Dünya Ürək Günü kimi qeyd edilir. “Ürəyin üçün söz ver!” (Make your promise), “Mənim ürəyim, sənin ürəyin” (My heart, your heart) Dünya Ürək Gününün bu ilki şüarıdır. Bu il insanlardan mənim ürəyim, sənin ürəyin, bizim ürəyimiz üçün kiçik bir arzu tutmağı istəyən Dünya Ürək Federasiyası ürək sağlamlığına daha çox diqqət ayırmağı hədəfləyir.
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti Dünya Ürək Gününü müxtəlif tədbirlər və aksiyalarla qeyd edir. Ötən gün ürək-damar cərrahları, rezidentlər və gənc həkimlərin iştirakı, KRKA Şirkətinin təşkilatçılığı ilə “Dünya Ürək Günü: Ürəyin üçün söz ver!” mövzusunda elmi-praktiki seminar keçirilib.
Seminarı giriş sözü ilə açan AÜDCC sədri, MKX-nın baş həkimi, tibb elmləri doktoru, professor Kamran Musayev Dünya Ürək Gününün tarixi və əhəmiyyətindən bəhs edib:
“2000-ci ildən etibarən Dünya Ürək Federasiyası bu günün qeyd edilməsinə başlayıb. Ölkəmizdə də 10 ildən artıqdır ki, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti tərəfindən Dünya Ürək Günü müxtəlif tədbirlər, seminar və konfranslar, aksiyalarla qeyd edilir. Əsas məqsədimiz insanlarımızı ən vacib orqanlardan biri olan ürəyin sağlamlığını qorumağa çağırmaq, bunun üçün maarifləndirmə işləri aparmaqdır. Bu məsələdə Cəmiyyət olaraq mütəmadi tədbirlər, maarifləndirici aksiyalar həyata keçiririk. Gələcəkdə də bu fəaliyyətimizi artan templə davam etdirəcəyik.”
Dünya Ürək Günü ilə əlaqədar növbəti aksiyanın sentyabrın 28-də Gənclik Mall Ticarət Mərkəzində baş tutacağını deyən Kamran Musayev burada daha çox insanın Dünya Ürək Günü ilə bağlı məlumatlandırıla biləcəyini qeyd edib.
“Aksiya zamanı Mərkəzi Klinik Xəstəxananın həkim briqadası tərəfindən ödənişsiz əsaslarla insanların qan təzyiqi, qanda şəkərin, xolestrolun miqdarı ölçüləcək, ürək-damar xəstəliklərindən qorunmağın yolları haqqında məsləhətlər veriləcək.”
Daha sonra Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin üzvü, tibb üzrə fəlsəfə doktoru Seymur Musayev “Ekstrakardiak anatomiya ürək cərrahının gözü ilə” mövzusunda mühazirə ilə çıxış edib.