Ürəyin pərdəsindən təbii ürək qapağı düzəldilərək əməliyyat edilib – Azərbaycanda ilk dəfə

18.04.2023

Ürəyin pərdəsindən təbii ürək qapağı düzəldilərək əməliyyat edilib – Azərbaycanda ilk dəfə

Bu günlərdə ürək-damar cərrahlarımız Azərbaycan səhiyyəsi tarixində növbəti bir uğura imza atıb. Ölkəmizdə ilk dəfə olaraq xəstənin özünün ürək pərdəsindən yeni ürək qapağı düzəldilərək pozulmuş ürək qapağının əvəzolunmasında istifadə edilib. “Ozaki əməliyyatı” adlanan cərrahi müdaxilə Mərkəzi Klinik Xəstəxananın Ürək və Damar Cərrahiyyəsi şöbəsində tanınmış ürək-damar cərrahı, klinikanın baş həkimi Prof. Dr. Kamran Musayev və komandası tərəfindən uğurla həyata keçirilib. Klinikaya aortal qapağın ciddi kalsifik stenozu səbəbilə müraciət edən 73 yaşlı kişi xəstə, əməliyyatdan bir həftə sonra artıq evə yazılıb.

Ürək qapaqlarının anatomik və funksional ciddi pozulmalarında cərrahi müalicə tətbiq olunduğunu bildirən Dr. Kamran Musayev klassik cərrahiyyədə bu qapaqların mexaniki və bioloji protez qapaqlarla dəyişdirildiyini, ancaq həm mexaniki, həm də bioloji protez qapaqların özünəməxsus problemlərinin daim aktual olduğunu qeyd edib.

“Alternativ metod kimi qapaqların təmiri əməliyyatları getdikcə geniş yayılsa da, təəssüf ki, bütün xəstələrdə tətbiq oluna bilmir. Son illərdə yapon alimi Prof. Dr. Şiqeyuki Ozaki tərəfindən təklif edilən metod aortal qapağın cərrahi müalicəsində inqilabi dəyişikliyə səbəb olub. Ozaki əməliyyatı adlanan bu yanaşmada pozulmuş aortal qapaq xəstənin öz ürəyinin pərdəsindən hazırlanmış qapaq tayları ilə əvəz olunur. Ürəyin pərdəsi (autoloq perikard) xüsusi metodla hazırlanır.”

Uzun müddətli dayanıqlılıq üçün bu hazırlama mərhələsinin xüsusi əhəmiyyət kəsb etdiyini deyən Dr. Kamran Musayev əməliyyatdan sonrakı exokardioqrafik yoxlamalarda bu qapağın normal qapaqdan ayırd edilməsinin mümkün olmadığını bildirib.

“Prof. Ozaki tərəfindən təklif edilən ölçü sistemi və alətlərlə, kritik ölçmə mərhələsindən sonra qapaq tayları əvvəlcədən hazırlanmış autoloq perikard taylarla əvəz olunur. Beləliklə, heç bir süni və sintetik materialdan istifadə etmədən aortal qapaq rekonstruksiya olunur. Ona görə də, əməliyyatdan sonrakı exokardioqrafik yoxlamalarda bu qapağı normal qapaqdan ayırd etmək çox çətindir.”

Ürək qapaqlarının bu cür metodla dəyişdirilməsinin pasientlər üçün həm tibbi, həm də maliyyə baxımından çox sərfəli olduğunu bildirən Prof. Dr. Kamran Musayev bu əməliyyatın həm yuxarı, həm də aşağı yaş qrupu xəstələrdə həyata keçirilməsinin vacib olduğunu deyib.

“Normal fiziologiyaya çox yaxın olduğundan, eləcə də heç bir süni materialdan istifadə olunmadığından əməliyyatdan sonra qan durulducu dərmanlara ehtiyac olmur. Hemodinamik performansı mükəmməldir. Nəticələri digər mexaniki və bioloji protezlərə görə daha yaxşıdır. Ozakinin öz nəticələrinə baxsaq, 10 il ərzində təkrar müdaxiləsiz yaşam göstəricisi 95,8 %-dir. Maddi baxımdan da bu metod sərfəlidir, çünki kifayət qədər bahalı olan protez qapaqlardan istifadə olunmur. Bu metodun istifadəsi yaşlı xəstələrdə ilk seçim olmalıdır. Uşaqlarda istifadəsi isə daha maraqlıdır. Protez qapaqlardan istifadə olunması böyüdükcə uşaqlarda kifayət qədər ciddi problemlər yaradır. Bu problemləri Ozaki əməliyyatı ilə önləmək mümkündür. Eyni zamanda, qan durulducu dərman istifadə edə bilməyən və ya etmək istəməyən xəstələrdə, həmçinin, əməliyyatdan sonra hamilə olmaq istəyən gənc qadın pasientlərdə də istifadəsi məqsədəuyğundur.

Dünyada çox az sayda mərkəzdə və çox az sayda cərrah tərəfindən tətbiq olunan bu əməliyyatın ölkəmizdə həyata keçirilməsini Azərbaycan səhiyyəsinin növbəti uğuru kimi dəyərləndirən Dr. Kamran Musayev daima dünya ürək cərrahiyyəsində baş verən yenilikləri təqib və tətbiq etdiklərini qeyd edib.

“Prof. Ozakinin özünün təşkil etdiyi kursda iştirak etdim. Yaxın dostluq münasibətlərimiz yarandı. Bu gün ölkəmizdə uğurla həyata keçirdiyimiz bu əməliyyatın baş tutmasında ABŞ-da, San Dieqo şəhərində iştirak etdiyim praktiki kursun da çox faydası oldu. Mütəmadi olaraq Prof. Ozaki ilə məsləhətləşir, fikir mübadiləsi edirik. Dünya ürək cərrahiyyəsinin aparıcı mütəxəssisləri ilə qarşılıqlı əməkdaşlıq ölkəmizdə ürək cərrahiyyəsinin inkişafında mühüm rol oynayır.”