“Ürək və Damar Cərrahiyyəsi” elmi-praktik jurnalının təqdimatı olub

18.04.2023

“Ürək və Damar Cərrahiyyəsi” elmi-praktik jurnalının təqdimatı olub

Fevralın 28-də Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təsis etdiyi “Ürək və Damar Cərrahiyyəsi” elmi-praktik jurnalının təqdimatı olub.

Cəmiyyətin sədri, professor Kamran Musayev jurnalın ölkəmizdə ürək və damar cərrahiyyəsinin inkişafında çox önəmli rol oynayacağını, xüsusilə, ürək-damar cərrahiyyəsinin elmi-praktik səviyyəsinin yüksəlməsinə öz töhfəsini verəcəyini bildirib: “Jurnalımız ürək və damar xəstəliklərinin bütün aspektləri (diaqnostika, müalicə, profilaktika) üzrə aparılan klinik və fundamental elmi tədqiqatları özündə əks etdirəcək. Eyni zamanda, ürək-damar cərrahiyyəsinin spesifikliyini nəzərə alaraq, anesteziologiya və reanimatologiya, pediatriya, invaziv radiologiya, perfuziologiya və tibb bacılığı sahəsində aparılan elmi-praktik tədqiqatların nəticələrinə də yer veriləcək. Beləliklə, ürək və damar xəstəliklərinin tədqiq olunmasına kompleks yanaşmağı düşünürük. Bu yanaşmanın nəticəsində jurnalımız həm bu sahədə elmi tədqiqat aparan alimlərə, həm də ürək və damar xəstəlikləri ilə məşğul olan praktik həkimlərə və səhiyyə işçilərinə çox faydalı olacaq.

Prof. Dr. Kamran Musayev bildirib ki, elmi-praktik jurnalın təsisçisi olan Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti 2004-cü ildən etibarən rəsmi qeydiyyatdan keçərək fəaliyyət göstərir. Ötən illərdə Cəmiyyətin ən ümdə vəzifəsi ölkəmizin ehtiyacı olan gənc kadrların hazırlanmasına və ürək-damar cərrahiyyəsinin dünya standartlarına çatdırılmasına xidmət etmək olub. Cəmiyyət 15 illiyini dövri jurnalın nəşrinə başlayaraq qeyd edir: “Jurnal Cəmiyyətin üzvləri başda olmaqla, ürək və damar xəstəlikləri ilə maraqlanan həmkarlarımız üçün ən böyük elmi platforma olacaq. Belə ki, jurnalda elmi məqalələr Azərbaycan dili ilə yanaşı, ingilis və rus dillərində və ildə iki dəfə nəşr olunacaq. Bu, həm xarici həmkarlarımızın elmi tədqiqatlarının nəticələrinin bizim jurnalımızda nəşr olunmasına imkan verəcək, həm də yerli tədqiqatçılarımızın əsərlərinin beynəlxalq aləmdə daha asan yayılmasına şərait yaradacaq. Ən böyük hədəflərimizdən biri isə jurnalımızın qısa zamanda elmi-tibbi jurnalların beynəlxalq bazalarında yer almasına nail olmaqdır”.