Üçüncü “Bakı ürək günləri” beynəlxalq konqresinin iştirakçıları Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişlər

18.04.2023

Üçüncü “Bakı ürək günləri” beynəlxalq konqresinin iştirakçıları Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişlər

Mayın 17-dən 19-dək Bakı şəhərində Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə 3-cü “Bakı ürək günləri” beynəlxalq konqresi keçiriləcəkdir.

Beynəlxalq konqresin iştirakçıları mayın 17-də Fəxri Xiyabana getmiş, orada xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilmiş, onun məzarı önünə tər çiçəklər düzülmüşdür.

Sonra Şəhidlər xiyabanına gələn konqres iştirakçıları Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları önünə tər çiçəklər qoymuşlar.