Orqan donorluğuna həsr olunan maarifləndirici tədbir və ürək transplantasiyası kursu keçirilib

02.11.2026

Orqan donorluğuna həsr olunan maarifləndirici tədbir və ürək transplantasiyası kursu keçirilib

Azərbaycan Tibb Universitetində (ATU) “Ürək transplantasiyası həftəsi” çərçivəsində tələbələr, rezidentlər və gənc həkimlər üçün orqan donorluğuna həsr olunan maarifləndirici tədbir və ürək transplantasiyası üzrə praktik kurs təşkil edilib.

Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi və Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə orqan donorluğunun əhəmiyyəti, ölkəmizdə transplantasiya sahəsində əldə olunan nailiyyətlər və inkişaf perspektivləri müzakirə edilib.

“İnsanların yaşamaq şansı sənin əlindədir!” devizi altında keçirilən tədbirin açılışında ATU-nun elmi işlər üzrə prorektoru, professor Məlahət Sultan çıxış edərək təşəbbüsün əhəmiyyətini vurğulayıb və təşkilatçılara təşəkkürünü bildirib.

Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova ölkəmizdə orqan donorluğu və transplantasiya sisteminin inkişaf mərhələləri, mövcud qanunvericilik bazası və transplantasiya gözləyən xəstələrin vahid informasiya sistemi vasitəsilə qeydiyyatı barədə məlumat verib.

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev bildirib ki, “Ürək transplantasiyası həftəsi” Azərbaycanda və Qafqaz regionunda ilk ürək transplantasiyasının birinci ildönümünə həsr olunub. O qeyd edib ki, ötən ilin oktyabrından etibarən Mərkəzi Klinikada dörd ürək transplantasiyası əməliyyatı həyata keçirilib.

Professor transplantasiya proqramının uğurunda orqan donorluğunun və beyin ölümü diaqnozunun vaxtında müəyyənləşdirilməsinin mühüm rol oynadığını vurğulayıb. Hazırda 1500-dən çox xəstənin müxtəlif orqanların transplantasiyasını gözlədiyini bildirən K.Musayev gənc həkimləri və tələbələri donorluq mədəniyyətinin təşviqində fəal olmağa çağırıb.

Tədbirdə ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov da çıxış edərək orqan donorluğunun dini və mənəvi aspektlərindən, insan həyatının xilas edilməsinin əhəmiyyətindən danışıb.

Maarifləndirici görüşün ardınca gənc həkimlər və rezidentlər üçün heyvan ürəkləri üzərində praktik transplantasiya kursu keçirilib.

Kursa professor Kamran Musayev, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tibb elmləri doktoru Ramil Əliyev, həmçinin Böyük Britaniyada uzun illər fəaliyyət göstərmiş, ürək transplantasiyası üzrə beynəlxalq səviyyədə tanınmış mütəxəssis professor Asghar Khagani qatılıb.

Mütəxəssislər ürək transplantasiyası sahəsində bilik və təcrübələrini gənc həmkarları ilə bölüşüb, praktik məşğələlər zamanı müasir cərrahi yanaşmaları nümayiş etdiriblər.

Tədbirin əsas məqsədi gənc tibb mütəxəssislərinin peşəkar inkişafına dəstək göstərmək, transplantasiya sahəsində bilik və bacarıqlarını artırmaq, eləcə də cəmiyyətdə orqan donorluğu ilə bağlı maarifləndirməni təşviq etmək olub.