Gənc mütəxəssislər üçün “Minimal invaziv mitral qapaq təmiri” kursu keçirilib
Gənc mütəxəssislər üçün “Minimal invaziv mitral qapaq təmiri” kursu keçirilib
29 sentyabr – Dünya Ürək Günü münasibətilə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti tərəfindən gənc mütəxəssislər üçün “Minimal invaziv mitral qapaq təmiri” kursu təşkil olunub.
Mərkəzi Klinikada keçirilən kurs TİKA-nın dəstəyi ilə yaradılmış müasir Simulyasiya Mərkəzində keçirilib. Regionda nadir nümunələrdən biri olan mərkəz müasir miniinvaziv endoskopik cərrahiyyə üzrə təlim manekenləri və xüsusi avadanlıqlarla təchiz olunub.
Kurs çərçivəsində iştirakçılara mitral qapaq cərrahiyyəsində minimal invaziv yanaşmalar və müasir cərrahi üsullar barədə nəzəri məlumatlar təqdim olunub, daha sonra xüsusi simulyatorlar üzərində praktiki məşğələlər keçirilib. Təlim zamanı real kardiocərrahi əməliyyatların simulyasiya edilmiş versiyaları üzərində işləyən iştirakçılar cərrahi texnikalarını və praktiki bacarıqlarını təkmilləşdirmək imkanı əldə ediblər.
Qeyd edək ki, “Minimal invaziv mitral qapaq təmiri” kursu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 4 kredit balı ilə qiymətləndirilib.