Gəncə rayonlararası Kardiologiya Dispanserinin 20 illiyinə həsr edilən elmi-praktik konfrans keçirilib

18.04.2023

Gəncə rayonlararası Kardiologiya Dispanserinin 20 illiyinə həsr edilən elmi-praktik konfrans keçirilib

Tədbirdə bildirilib ki, hazırda dünyada ürək xəstəlikləri geniş yayılıb. BMT-nin hesablamalarına görə, insan ölümlərinin 30%-i kardioloji xəstəliklərin payına düşür ki, bu da kifayət qədər ciddi rəqəmdir. Şəhər səhiyyə idarəsinin rəisi Mehman Rzayev deyib ki, hər il dünyada 17.4 milyon insan ürək xəstəliklərindən dünyasını dəyişir. Onlardan 60%-dən çoxu 65 yaşınadək olanlardır. Ürək xəstəlikləri ilə mübarizəyə hər il 30 milyard dollar xərclənir. Mehman Rzayev vurğulayıb ki, Azərbaycanda kardiologiyanın inkişafı beynəlxalq səviyyədə yaradılan səhiyyə müəssisələrinin və xaricdə yetişdirilən kadrlar nəticəsində mümkün olub. Onun sözlərinə görə, buna bariz nümunə kimi Gəncə rayonlararası Kardiologiya Dispanserini göstərmək olar. Belə ki, 20 il əvvəl 1991-ci il yanvarın 14-də ilk xəstələrini qəbul edən dispanser hazırda beynəlxalq standartlara uyğun müasir avadanlıqlarlarla təchiz edilib. Çıxış edən Gəncə rayonlararası Kardiologiya Dispanserinin baş həkimi Fəxrəddin Namazov isə bildirib ki, müasir laboratoriya sayəsində dispanserdə 120-dən artıq analiz götürmək mümkündür. “Gəncə şəhəri Rayonlararası Kardioloji Dispanserin keçdiyi yol” mövzusunda məruzə ilə çıxış edən baş həkim Dispanserin bugünkü fəaliyyəti, keçdiyi inkişaf yolu və gələcəkdə planlaşdırılmış işlər barədə konfrans iştirakçılarına məlumat verib.
Konfrans Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, MKX-nin baş həkimi, tibb elmləri namizədi Dr. Kamran Musayev “Mitral Qapaq Cərrahiyyəsində nələr dəyişdi?”, Azərbaycan Respublikasının Əməkdar həkimi, Ürək çatışmazlığı və ritm pozulması şöbəsinin müdiri Nizami Nəcəfov “Müasir kardiologiyada kalsium antaqonistlərinin yeri”, Miokard infarktı şöbəsinin müdiri, tibb elmləri namizədi Vüqar Abbasov “Betta-adrenoblokatorlarının kliniki dəyərləri”, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədr muavini, tibb elmləri namizədi Dr. Firdovsi İbrahimov “Perkutan koronar mudaxilə və stent: Tibbi tövsiyələr”, Miokard infarktı şöbəsinin həkim-ordinatoru Müşaidə Qasımova “Aterotrombozun müalicəsində klopidoqrelin (Trokenin) aspirinlə müqayisəli təhlili” mövzusu ətrafında çıxışları ilə davam etdirilib. Konfransda kardioloji dispanserinin əldə etdiyi uğurlardan, Qərb bölgəsində kardiologiya sahəsində mövcud vəziyyət və çətinliklərdən danışılıb. Həmçinin bölgədə kardiologiyanın inkişaf etdirilməsi planları müzakirə edilib.
Konfrans iştirakçılarına Gəncə rayonlararası Kardioloji Dispanserinin 20 illiyinə həsr edilmiş elmi-praktik konfransın tezis materialları toplusu təqdim edilib.