Dünyanın tanınmış kardioloqları Bakıda
Dünyanın tanınmış kardioloqları Bakıda
Mayın 16-da “Fairmont Baku”da Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) təşkilatçılığı ilə “Bakı ürək günləri” 4-cü beynəlxalq konqresinin rəsmi açılışı olub.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş tədbirdə Prezident Administrasiyasının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə dövlətimizin başçısı İlham Əliyevin konqres iştirakçılarına təbrik məktubunu oxuyub.
Açılış mərasimində çıxış edən AÜDCC-nin sədri Kamran Musayev bildirib ki, konqresdə 450-dən artıq tibb mütəxəssisi, o cümlədən dünyanın 24 ölkəsinin tanınmış 70 kardioloqu iştirak edir. Məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, xarici mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. O deyib ki, həmçinin kardiologiya və ürək-damar cərrahiyyəsindəki ən mübahisəli problemlərə də toxunulacaq. Ürək-damar cərrahiyyəsinin inkişafına töhfə olan bu konqresə beynəlxalq aləmdə diqqətin artması isə Azərbaycanın doğru yolda olduğunu göstərir.
Tədbirdə ölkəmizdə kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində əldə edilmiş nailiyyətlərdən də danışılıb.
Qeyd olunub ki, mübahisəli xəstələr üzərində dünyanın tanınmış mütəxəssisləri ilə birgə aparılacaq əməliyyatların salonda canlı yayımı konqresin elmi-praktiki əhəmiyyətini daha da yüksəldəcək.
Dördüncü dəfə “Bakı ürək günləri” beynəlxalq konqresinin ölkəmizdə reallaşmasının ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi səhiyyə siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsi olduğu vurğulanıb.
K.Musayev konqresin yüksək səviyyədə təşkilinə göstərdiyi köməyə görə Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyevə minnətdarlığını bildirib.
Dünyanın tanınmış kardioloqları Murat Tuzcu (ABŞ), Richard Daly (ABŞ), Renat Akçurin (Rusiya) və başqa çıxış edənlər mühüm əhəmiyyət kəsb edən belə bir tədbirin Bakıda keçirilməsini yüksək dəyərləndirərək, bunun Azərbaycan səhiyyəsinin inkişafı ilə bağlı olduğunu bildiriblər və konqresin işinə uğurlar arzulayıblar. Dünyada ürək-damar xəstəliklərinin artdığı və cavanlaşdığı indiki dövrdə bu qəbildən olan konqreslərin vaxtaşırı keçirilməsinin əhəmiyyəti xüsusi qeyd edilib.
Bildirilib ki, konqresin ilk günündə – mayın 15-də təşkil edilən “Maketlər üzərində femoro–popliteal bypass (bud–dizaltı şuntlama)” və “Heyvan ürəkləri üzərində koronar anastomoz” kursları gənc kardioloqlar üçün faydalı olub.
Sonra Mərkəzi Klinikanın fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Konqres işini mayın 17-dək davam etdirəcək. Paralel sessiyalarda yerli və xarici mütəxəssislərin 60-dək məruzəsi dinləniləcək, müzakirələr aparılacaq.
Qeyd edək ki, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) “Bakı ürək günləri” 4-cü beynəlxalq konqresinə rəsmi informasiya dəstəyi göstərir.