Dünyanın 38 ölkəsindən 100-ə yaxın kardioloq və kardiocərrah Azərbaycanın paytaxtında toplaşmışdır

18.04.2023

Dünyanın 38 ölkəsindən 100-ə yaxın kardioloq və kardiocərrah Azərbaycanın paytaxtında toplaşmışdır

Mayın 17-də “Gülüstan” sarayında Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) təşkilatçılığı ilə 3-cü “Bakı ürək günləri” beynəlxalq konqresi öz işinə başlamışdır.

Bu beynəlxalq tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr edilmişdir.

Açılış mərasimində AÜDCC-nin sədri Kamran Musayev Azərbaycan Prezidenti İlham Əliyevin konqres iştirakçılarına ünvanladığı təbrik məktubunu oxumuşdur.

K.Musayev bildirmişdir ki, konqresdə yerli mütəxəssislərlə yanaşı, dünyanın 38 ölkəsindən 100-ə yaxın kardioloq və kardiocərrah iştirak edir. Konqresin məqsədi Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, xarici mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. Bu tədbir azərbaycanlı mütəxəssislərin beynəlxalq təcrübədən yararlanmasına da imkan yaradacaqdır.

Diqqətə çatdırılmışdır ki, Azərbaycanda ilk dəfə açıq ürək əməliyyatı 1971-ci ildə həyata keçirilmişdir. Azərbaycan o dövrdə Rusiyadan sonra bu əməliyyatı reallaşdıran ikinci ölkə olmuşdur.

Bildirilmişdir ki, 3-cü “Bakı ürək günləri” beynəlxalq konqresinin ölkəmizdə reallaşması ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi səhiyyə siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsinin məntiqi nəticəsidir.

M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, akademik Böyükkişi Ağayev, rusiyalı akademik Renat Akçurin və başqaları çıxışlarında dünyanın müxtəlif ölkələrindən tanınmış kardioloqların Bakıya toplaşmalarının Azərbaycan səhiyyəsinin inkişafı ilə bağlı olduğunu bildirmiş və konqresin işinə uğurlar arzulamışlar.

Qeyd edilmişdir ki, dünyada ürək-damar xəstəliklərinin artdığı və cavanlaşdığı indiki dövrdə belə bir tədbirin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Konqresin ilk günündə parallel sessiyalarda yerli və xarici mütəxəssislərin 50-yə yaxın məruzəsi dinləniləcək və müzakirələr aparılacaqdır. İkinci iş günündə isə heyvan ürəkləri üzərində “Ürəyin cərrahi anatomiyası” mövzusunda təcrübi kurs təşkil olunacaqdır.

Mayın 19-dək davam edəcək konqresdə kardiologiya və ürək cərrahiyyəsinin ən mübahisəli problemlərinə toxunulacaqdır.