Dünya Ürək Günündə növbəti aksiya keçirilib

28.09.2024

Dünya Ürək Günündə növbəti aksiya keçirilib

29 sentyabr – Dünya Ürək Günüdür. Dünya Ürək Federasiyasının təşəbbüsü ilə hər ilin bu günündə müxtəlif aksiyalar, tədbirlər həyata keçirilir.

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti hər il olduğu kimi bu il də Dünya Ürək Gününü müxtəlif tədbirlərlə qeyd edir.

Bu gün Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin üzvü olan bir qrup həkim və tibb bacısı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmət Agentliyinin Şağan qəsəbəsində yerləşən əqli və fiziki məhdudiyyətli uşaqlar üçün internat evində məskunlaşmış uşaqlar pediatr, kardioloq və kardiocərrah tərəfindən müayinə edilib. Müayinədən sonra müalicə kursu təyin olunub.

Mərkəzi Klinik Xəstəxananın həkim briqadasının təyin etdiyi müalicə kursuna uyğun olaraq KRKA Şirkəti onları lazımi dərman preparatları ilə təmin edib.

AÜDCC sədri, ürək-damar cərrahı, tibb üzrə fəlsəfə doktoru Ramil Əliyev bildirib ki, mütəmadi olaraq bu cür xeyriyyə aksiyaları təşkil edilir:

“Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti olaraq biz hər il qocalar evinə və uşaq evlərinə bu cür ziyarətlər həyata keçiririk. Bütün dünyada 29 sentyabrda qeyd edilən Dünya Ürək Gününü 2010-cu ildən etibarən biz də ənənəvi olaraq qeyd edirik. Bu il də Şağan qəsəbəsindəki uşaq evində məskunlaşmış uşaqlar müayinədən keçirildi, onlara uyğun müalicə kursu yazıldı.”

Dr. Ramil Əliyev bu cür aksiyaların bundan sonra da davam etdiriləcəyini bildirib.