“Dünya Ürək Günü”nə həsr olunan aksiya keçirilib

18.04.2023

“Dünya Ürək Günü”nə həsr olunan aksiya keçirilib

29 sentyabr – Dünya Ürək Günüdür. Dünya Ürək Federasiyasının təşəbbüsü ilə hər ilin bu günündə müxtəlif aksiyalar, tədbirlər həyata keçirilir.

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti hər il olduğu kimi bu il də silsilə tədbirlərlə Dünya Ürək Gününü qeyd edir.

Bu gün Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin üzvü olan bir qrup həkim və tibb bacısı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmət Agentliyinin Şağan qəsəbəsində yerləşən əqli və fiziki məhdudiyyətli uşaqlar üçün internat evində məskunlaşmış uşaqlar pediatr, kardioloq, kardiocərrah və psixiatr tərəfindən müayinə edilib. Müayinədən sonra müalicə kursu təyin olunub.

Mərkəzi Klinikanın həkim briqadasının təyin etdiyi müalicə kursuna uyğun olaraq KRKA Şirkəti onları lazımi dərman preparatları ilə təmin edib.

AÜDCC sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru, professor Kamran Musayev bildirib ki, mütəmadi olaraq bu cür xeyriyyə aksiyalarını təşkil edilir:

“Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti olaraq biz hər il qocalar evinə və uşaq evlərinə bu cür ziyarətlər həyata keçiririk. Bütün dünyada 29 sentyabrda qeyd edilən Dünya Ürək Gününü 2010-cu ildən etibarən biz də ənənəvi olaraq qeyd edirik. Bu ilki tədbirlərimiz ilk olaraq Şağan qəsəbəsindəki uşaq evi ilə başladı. Burada məskunlaşmış 130-dan artıq uşaq Xəstəxanamızın həkim briqadası tərəfindən müayinədən keçirildi, onlara uyğun müalicə kursu yazıldı.”

Bu cür aksiyaların bundan sonra da davam etdiriləcəyini bildirən Dr. Kamran Musayev əsas məqsədin müayinə və müalicəyə ehtiyacı olan vətəndaşlarımıza yardım etmək olduğunu deyib.

Sentyabrın 29-da isə ürək-damar cərrahları, kardioloqlar, pediatrik kardioloq və kardio-cərrahların iştirakı ilə Dünya Ürək Gününə həsr olunmuş elmi-praktiki seminar təşkil olunacaq.