“Dünya Ürək Günü” çərçivəsində Mayo Klinika – Mərkəzi Klinika ortaq toplantısı keçiriləcək

18.04.2023

“Dünya Ürək Günü” çərçivəsində Mayo Klinika – Mərkəzi Klinika ortaq toplantısı keçiriləcək

Kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində ən son yeniliklərin müzakirəsi, klinikalar arası əməkdaşlıq əlaqələrinin genişləndirilməsi toplantının əsas məqsədidir.

Toplantıda Mayo Klinikasının dünyada tanınmış mütəxəssisləri  cərrahi üzrə direktor, professor Riçard Daly və angeoqrafiya şöbəsinin direktoru, professor Verqhese Metyu iştirak edəcəklər.

Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tibb elmləri namizədi Dr. Kamran Musayevin sözlərinə görə, Mayo Klinika ilə ortaq təşkil olunan bu toplantıda ölkəmizdə fəaliyyət göstərən bütün dövlət və özəl klinikaların kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində çalışan mütəxəssisləri iştirak edə biləcək.

“Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti olaraq artıq bir neçə ildir ki, Dünya Ürək Federasiyasının təşkil etdiyi “Dünya Ürək Günü”nü ölkəmizdə də yüksək səviyyədə qeyd edirik. Bu il dünyanın nüfuzlu səhiyyə ocaqlarından biri olan Mayo Klinika ilə Mərkəzi Klinikanın ortaq toplantısını keçirməyi qərara aldıq. Artıq Mayo Klinika ilə apardığımız danışıqlar öz müsbət həllini tapıb. Dünyanın müxtəlif ölkələrində bu cür ortaq tədbirlər mütəmadi olaraq təşkil edilir. Bu toplantı hər iki klinika arasında əməkdaşlığın genişlənməsinə, eyni zamanda yerli mütəxəssislərimizin beynəlxalq təcrübədən yararlanmalarına daha da təkan verəcək” – deyə Dr. Kamran Musayev bildirib.

Xatırladaq ki, dünyada hər il qeyd olunan “Dünya Ürək Günü” bu il sentyabrın 29-na təsadüf edir. AÜDCC bununla əlaqədar olaraq silsilə tədbirlər təşkil edəcək. Bu tədbirlərdən biri olan Mayo Klinika – Mərkəzi Klinika ortaq toplantısı da məhz sentyabrın 29-da Bakıda, Hilton otelində keçiriləcək.