Bakıda “Dünya Ürək Günü” münasibətilə beynəlxalq konfrans keçirilib

18.04.2023

Bakıda “Dünya Ürək Günü” münasibətilə beynəlxalq konfrans keçirilib

Oktyabrın 1-də Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) Dünya Ürək Günü münasibətilə Bakıda “Həyatına enerji qat!” adlı beynəlxalq elmi-praktiki konfrans təşkil edib.

Konfransda ölkəmizdə fəaliyyət göstərən bütün dövlət və özəl klinikaların kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində çalışan mütəxəssisləri iştirak ediblər. “Konfransda qardaş Türkiyədən dəvət etdiyimiz professor heyəti də iştirak edir. Kardiologiyanın və kardiocərrahiyyənin ən aktual məsələlərini yerli və xarici həmkarlarımızla müzakirə edəcəyik. Bunun paytaxt Bakıda və regionlarda fəaliyyət göstərən həkimlərə faydalı olacağını düşünürəm”, – deyə Mərkəzi Klinik Xəstəxananın baş həkimi, AÜDCC-nin sədri, tibb elmləri doktoru Kamran Musayev tədbirin açılışında çıxışında bildirib.

K.Musayev əlavə edib ki, Dünya Ürək Günü ilə əlaqədar AÜDCC tərəfindən “Sağlam ürək” həftəsi elan edilib. “Sağlam ürək” həftəsi çərçivəsində keçirilən aksiyalar zamanı Dünya Ürək Gününün mahiyyəti, ürək sağlamlığının qorunması üçün vacib olan amillər barədə ictimaiyyətə məlumat verilib, alış-veriş mərkəzlərində insanların ilkin tibbi müayinəsi, qanda şəkərin və xolesterolun miqdarı ölçülüb, ürək sağlamlığının qorunması üçün tam ödənişsiz həkim məsləhətləri verilib. Bundan əlavə, Dünya Ürək Federasiyası tərəfindən hazırlanmış maarifləndirici kitabça Azərbaycan dilinə tərcümə edilərək xəstəxana və poliklinikalara paylanılıb. “Nəinki Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən səhiyyə müəssisələrində hər cür kardioloji prosedurlar bu gün uğurla həyata keçirilir. Bu, Azərbaycan səhiyyəsinin inkişafının göstəricisidir. Bu nailiyyətlərlə yanaşı, ürək-damar xəstəlikləri ilə bağlı problemlər qalmaqdadır. Məncə, biz həkimlər ürək-damar xəstəliklərinin müalicəsindən daha çox onun profilaktikasına diqqət ayırmalıyıq. İnsanların ürək xəstəliklərinin profilaktikası ilə bağlı maarifləndirilməsinə ehtiyac var. Təşkil etdiyimiz konfrans bu baxımdan böyük əhəmiyyət daşıyır”, – deyə AÜDCC-nin sədri bildirib.

Türkiyəli qonaqlar adından çıxış edən Mehmet Ali Özatik isə Azərbaycan və Türkiyə kardioloqlarının dostluq əlaqələrindən danışaraq ölkəmizdə tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsindən məmnunluğunu ifadə edib. Mehmet Ali Özatik ölkəmizdə səhiyyə sisteminin dünya standartlarına çatmasını vurğulayıb.

Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Fərid Əliyev çıxış edərək konfransın işinə uğurlar arzulayıb.

Milli Məclisin deputatı Qənirə Paşayeva isə çıxışında ürək-damar xəstəlikləri problemlərinə ictimaiyyətin diqqətinin cəlb edilməsi baxımından konfransın faydalı olacağını deyib. Qeyd edib ki, insanların sağlamlığına ziyan vuran, ürək-damar xəstəliklərinin yaranmasının səbəblərindən biri olan siqaretə qarşı hər zaman kampaniya aparılmalıdır. “Təəssüf ki, bu günə kimi parlamentdə ictimai yerlərdə siqaretdən istifadəni qadağan edən qanun qəbul edilməyib. Amma yaxın vaxtlarda bunun reallaşacağına inanıram. Bununla da ürək xəstəliklərinin yaranmasının qarşısı qismən də olsa alınacaq. Ürək xəstəliklərinin qarşısının alınması hər birimizdən, qarşılıqlı münasibətlərdən, sağlam həyat tərzindən asılıdır”, – deyə Q.Paşayeva bildirib.

Konfransın birinci sessiyasında “Səyirici aritmiya zamanı erkən dönəmdə kardioversiya. Medikal və ya cərrahi” mövzusunda ilk məruzə ilə Azərbaycanın tanınmış kardiocərrahı Firdovsi İbrahimov çıxış edib. Kardiologiya Cəmiyyətinin sədri Fərid Əliyevin “Bağırsaq mikroflorasının kardiovaskulyar xəstəliklərlə əlaqəsi – yeni bir risk faktorumu?” mövzusunda məruzəsi də maraqla qarşılanıb.

Sonrakı sessiyalarda da yerli və türkiyəli kardioloqların ürək-damar cərrahiyyəsində tətbiq olunan ən son yeniliklərlə bağlı məruzələri dinlənilib, fikir mübadiləsi aparılıb.