“Bakı Ürək Günləri” III Beynəlxalq Konqresinin iştirakçılarına
“Bakı Ürək Günləri” III Beynəlxalq Konqresinin iştirakçılarına
Hörmətli Konqres iştirakçıları!
Sizi – “Bakı Ürək Günləri” III Beynəlxalq Konqresinin iştirakçılarını Bakı şəhərində salamlayıram. Əminəm ki, kardiologiyanın və ürək-damar cərrahiyyəsinin aktual problemlərinin müzakirəsi ölkəmizdə təbabətin inkişafına öz töhfəsini verəcəkdir.
Bu beynəlxalq konqres artıq ənənəvi şəkil almışdır. Builki konqresin xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunması dərin rəmzi məna daşıyır. Heydər Əliyev ölkəmizdə səhiyyə sisteminin daim təkmilləşdirilməsi və ən yeni standartlara uyğun qurulması sahəsində müstəsna xidmətlər göstərmişdir.
Bu istiqamətdə aparılmış işlərin davamı olaraq respublikamızda səhiyyənin inkişafı bu gün də dövlətimizin sosial yönümlü siyasətinin prioritet istiqamətlərindəndir. Hazırda Azərbaycanın müxtəlif regionlarında müasir diaqnostika mərkəzləri və müxtəlif şəfa ocaqları istifadəyə verilmiş, mövcud klinikalar əsaslı təmir olunaraq qabaqcıl texnologiyalara əsaslanan tibbi avadanlıqlarla təchiz edilmişdir. Gerçəkləşdirilən proqramlarda ürək-damar xəstəliklərinin müalicəsi və bu sahədə yüksək ixtisaslı gənc kadrların hazırlığı xüsusi yer tutur.
Ümidvaram ki, böyük elmi və elmi-praktiki əhəmiyyətə malik bu konqres azərbaycanlı mütəxəssislərin öz xarici həmkarları ilə əlaqələrini daha da möhkəmləndirəcək və ümumilikdə tibb elminin inkişafına xidmət edəcəkdir.
Ən xoş arzularla,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 may 2013-cü il.