“Bakı Ürək Günləri” çərçivəsində xeyriyyə aksiyası keçirilib

18.04.2023

“Bakı Ürək Günləri” çərçivəsində xeyriyyə aksiyası keçirilib

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə 7-9 iyun 2019-cu il tarixdə Fairmont oteldə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” 6-cı Beynəlxalq Konqresi keçiriləcək.

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti əvvəlki Konqreslərdə olduğu kimi bu dəfə də xeyriyyə aksiyası keçirməklə tədbirlərə start verib.

Belə ki, Cəmiyyətinin üzvü olan bir qrup həkim və tibb bacısı tərəfindən Saray qəsəbəsində yerləşən 7 nömrəli uşaq internat evində məskunlaşmış uşaqların pediatrik və kardioloji müayinəsi həyata keçirilib. Müayinədən sonra müalicə kursu təyin olunub.

Mərkəzi Klinik Xəstəxananın həkim briqadasının təyin etdiyi müalicə kursuna uyğun olaraq KRKA Şirkəti onları lazımi dərman preparatları ilə təmin edib.

AÜDCC sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, prof. Kamran Musayev bildirdi ki, həkim və tibb bacısı heyəti ilə mütəmadi olaraq qocalar evinə və uşaq evlərinə bu cür ziyarətlər həyata keçirilir:

“Məqsəd artıq silsilə halını almış aksiyalarımızı “Bakı Ürək Günləri” 6-cı Beynəlxalq Konqresi ərəfəsində də davam etdirmək, eyni zamanda müayinə və müalicəyə ehtiyacı olan insanlarımıza yardım etməkdir. Bu dəfə Saray qəsəbəsində yerləşən 7 nömrəli uşaq internat evini ziyarət etdik. Bildiyiniz kimi, Saray 7 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evi xüsusi qayğıya ehtiyac duyan əqli cəhətdən qüsurlu uşaqların dövlət himayəsində yaşadığı bir müəssisədir. Burada 150 uşaq məskunlaşıb. Onlar həkim heyətimiz tərəfindən pediatrik və kardioloji müayinə edildi, müalicələrinə lazımi köməklik göstərildi. Bu dəfəki ziyarətimizin Ramazan bayramı ilə üst-üstə düşməsi isə orada  məskunlaşmış uşaqlar üçün ikiqat bayram ab-havası yaratdı.”