“Bakı Ürək Günləri” Beynəlxalq Konqresinin iştirakçılarına

18.04.2023

“Bakı Ürək Günləri” Beynəlxalq Konqresinin iştirakçılarına

Hörmətli Konqres iştirakçıları!

Sizi – Azərbaycan kardioloqlarını və müxtəlif ölkələrdən Bakıya gəlmiş alimləri səmimi qəlbdən salamlayır, Konqresinizin işinə uğurlar, hər birinizə can sağlığı, uzun ömür və müvəffəqiyyətlər arzulayıram.

Bu il öz dövlət müstəqilliyinin bərpasının iyirmi illiyini qeyd edən ölkəmizdə səhiyyə sisteminin inkişafı, o cümlədən kardiologiyanın beynəlxalq standartlar səviyyəsinə qaldırılması istiqamətində çox işlər görülmüşdür. Paytaxtda və regionlarda müasir tipli tibb müəssisələrinin qurulması və onların zəruri avadanlıqla təchiz olunması əhalinin sağlamlığının qorunması üçün lazımi şərait yaratmışdır. Əminəm ki, kardiologiyanın və ürək-damar cərrahiyyəsinin aktual problemlərinin müzakirəsi həm bizim həkimlərə beynəlxalq təcrübədən faydalanmaq imkanı verəcək, həm də respublikamızda təbabətin inkişafı üçün yeni perspektivlər açacaqdır.

Ümidvaram ki, böyük elmi və elmi-praktiki əhəmiyyətə malik olan bu Konqres Azərbaycan kardioloqlarının xarici həmkarları ilə əlaqələrini daha da möhkəmləndirəcək və ümumilikdə tibb elminə öz layiqli töhfələrini verəcəkdir.

Ən xoş arzularla,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 may 2011-ci il