“Bakı Ürək Günləri” 7-ci Beynəlxalq Konqresi keçirilib

18.04.2023

“Bakı Ürək Günləri” 7-ci Beynəlxalq Konqresi keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Bakı Ürək Günləri” 7-ci Beynəlxalq Konqresi keçirilib.

Dünyada mövcud olan COVID-19 pandemiyası səbəbindən Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) tərəfindən keçirilən Konqres onlayn formatda baş tutub.

İki gün davam edən və 20-yə yaxın ölkədən kardioloq və kardiocərrahın mühazirəçi kimi iştirak etdiyi “Bakı Ürək Günləri” 7-ci Beynəlxalq Konqresində ürək-damar xəstəlikləri və onların müalicəsindəki ən aktual məsələlər, o cümlədən COVID-19 pandemiyasının ürək xəstəliklərinə təsiri və dünyanın aparıcı ölkələrində müalicəsinin təşkili müzakirə edilib.

Kardiologiya və ürək-damar cərrahiyyəsi mütəxəssisləri, həmçinin bu sahə ilə əlaqədar olan digər mütəxəssislər Konqresə izləyici kimi qatılaraq onları maraqlandıran sualları mühazirəçilərə ünvanlaya biliblər. Ümumilikdə iki gün ərzində Konqresi 500-ə yaxın yerli və əncəbi mütəxəssis canlı olaraq izləyib. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev Dünya Uşaq Kardiologiyası və Ürək Cərrahiyyəsi Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində anadangəlmə ürək qüsurlarının Konqresdə ayrıca bir sessiyada müzakirə edildiyini bildirib: “Əvvəlki Konqreslərdə həm yerli, həm də əcnəbi mütəxəssislərin mühazirələrinə yer ayırırdıq. Bu dəfə isə çıxışçıların yalnız əcnəbi mütəxəssislərdən seçilməsi qərarı aldıq. Bunun da əsas səbəbi yerli mütəxəssislərimizin pandemiya dövründə xaricdə təşkil olunan konfranslara qatılmaq imkanlarının məhdudluğu ilə əlaqədardır”.

Məlumat üçün bildirək ki, Azərbaycan Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının iclasında “Bakı Ürək Günləri” 7-ci Beynəlxalq Konqresi davamlı tibbi təhsil verən tədbir kimi tanınıb və Konqresə 16 kredit balı verilib. Bu o deməkdir ki, Konqresdə izləyici kimi qatılan mütəxəssislər illik tələb olunan 48 kredit balının 16-nı toplaya bilərlər.

Xatırladaq ki, 2009-cu ildən etibarən hər iki ildən bir “Bakı Ürək Günləri” Beynəlxalq Konqresi təşkil edilir.