“Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresi keçiriləcək

18.04.2023

“Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresi keçiriləcək

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) 26-28 may 2017-ci il tarixlərdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresini təşkil edəcək.

Konqresin keçirilməsində əsas məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. “Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresində 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardioccərahın iştirakı ilə ürək-damar xəstəlikləri və onların müalicəsindəki ən aktual məsələlər müzakirə ediləcək.

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tibb elmləri doktoru Kamran Musayev bildirdi ki, əvvəlki Konqreslərdə olduğu kimi, bu dəfə də Azərbaycandan və xarici ölkələrdən iştirakçılar www.bakuheartdays.az saytında elektron qeydiyyatdan keçə, eyni zamanda məqalə və tezislərini elektron formada göndərə biləcək.

“Gənc mütəxəssislər üçün təşkil ediləcək təcrübə məşğələləri “Bakı Ürək Günləri”nin elmi-praktik əhəmiyyətini daha da yüksəldəcək. Eyni zamanda, Konqres azərbaycanlı həkimlərə dünyanın ən qabaqcıl mütəxəssisləri ilə kardioloji elmlərdəki ən son nailiyyətləri müzakirə etmək imkanı verəcək. Təşkil olunacaq sosial proqram ilə, xüsusilə, əcnəbi qonaqlar Azərbaycanın zəngin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı əldə edəcəklər.”

Xatırladaq ki, AÜDCC 2009-cu ildən etibarən hər iki ildən bir “Bakı Ürək Günləri” Beynəlxalq Konqresini təşkil edir.