Azərbaycanlı mütəxəssislər Avropa Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin 72-ci Konqresində iştirak edib
Azərbaycanlı mütəxəssislər Avropa Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin 72-ci Konqresində iştirak edib
25-28 may 2024-cü il tarixdə Türkiyənin İstanbul şəhərində Avropa Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin (European Society for Cardiovascular and Endovascular Surgery) 72-ci Konqresi keçirilib. Konqres dünyanın hər yerindən ürək-damar və endovaskulyar cərrahlarının hər il təşkil olunan əsas toplantısıdır.
Konqresin məqsədi ürək-damar cərrahiyyəsi sahəsində dünyanın tanınmış mütəxəssisləri ilə təcrübə mübadiləsi aparmaq, tətbiq olunan yenilikləri və texnologiyaları müzakirə etməkdir.
Konqresin proqramı çərçivəsində şəhərində Avropa Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti ilə dünyanın nüfuzlu beynəlxalq təşkilatları arasında ortaq iclaslar keçirildi.
Belə ortaq iclaslardan birinin Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti ilə birgə təşkil olunması ölkəmizdə bu sahədə əldə olunmuş təcrübənin əcnəbi mütəxəssislərlə bölüşülməsinə imkan verdi.
Toplantıda AÜDCC-nin Fəxri sədri, professor Kamran Musayev “Torakoabdominal aorta anevrizmalarının açıq təmiri: Bakı təcrübəsi”, AÜDCC üzvü Dr. Vüsal Hacıyev isə “Post ürək cərrahiyyəsində ECMO-nun səmərəli istifadəsi: vaxt və qiymətləndirmə proseslərinin optimallaşdırılması” mövzusunda mühazirə ilə çıxış etdi. Ortaq toplantı Avropa Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin üzvü olan mütəxəssislərin mövzu ilə əlaqədar çıxışlarından sonra maraqlı müzakirələrlə yadda qaldı.
Bundan başqa, ölkəmizin müxtəlif klinikalarında çalışan ürək-damar cərrahları əldə etdikləri nəticələri tezislər və posterlər şəklində konqresdə təqdim etdilər.
Hər bir həkim çalışmalıdır ki, qlobal dünyada təbabətdə baş verən inkişafla ayaqlaşsın – deyən AÜDCC-nin Fəxri sədri, professor Kamran Musayev İstanbuldakı Konqresin yerli mütəxəssislərin təcrübə qazanmaları baxımından çox əhəmiyyətli olduğunu vurğuladı.
“Türkiyədə keçirilən konqres beynəlxalq əməkdaşlığımızı genişləndirmək, ürək-damar cərrahiyyəsində tətbiq olunan yeni texnologiyalar və metodlarla tanış olmaq baxımından çox faydalı oldu. Bu konqresdə Cəmiyyətimiz geniş tərkibli heyətlə iştirak etdi. Olduqca zəngin elmi proqramı olan konqresin xüsusilə gənc həmkarlarıma biliklərini artırmaq üçün yararlı olduğu düşüncəsindəyəm. Konqres çərçivəsində Avropa Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti ilə ortaq toplantının keçirilməsi Cəmiyyətimizin beynəlxalq əməkdaşlığının inkişafının göstəricisidir. Biz çalışırıq ki, Cəmiyyətimizin hər bir üzvü beynəlxalq konqreslərdə iştirak etsin, daim öz bilik və təcrübələrini yeniləsin. Bu istiqamətdə Cəmiyyətimiz ardıcıl olaraq fəaliyyət göstərir, müxtəlif ölkələrdən olan yerli və regional beynəlxalq qurumlarla əməkdaşlıq edirik. Üzvlərimizin beynəlxalq təcrübədən daha çox yararlanması üçün bu əməkdaşlıqlarımızı bundan sonra da davam etdirəcəyik.”