Azərbaycanlı həkimlər beynəlxalq təcrübədən faydalanır

18.04.2023

Azərbaycanlı həkimlər beynəlxalq təcrübədən faydalanır

Cəmiyyətin sədri Dr. Kamran Musayevin sözlərinə görə, bu kimi beynəlxalq konfranslar kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində çalışan mütəxəssislərin elmin son yenilikləri ilə tanış olmasına, transplantasiya sahəsində əldə olunmuş nailiyyətlər ətrafında fikir mübadiləsi aparmalarına şərait yaradır.

“Dünyanın ən tanınmış kardioloq və kardio-cərrahlarının iştirak etdiyi bu beynəlxalq konfrans bizim üçün həm təcrübə mübadiləsi aparmağa imkan verdi, həm də dünyanın ən məşhur bir neçə klinikası ilə gələcəkdə ortaq layihələr həyata keçirmək barədə danışıqlar aparıb, razılıq əldə etdik. Bu ilin sentyabr ayının sonlarında Dünya Ürək Günü ilə əlaqədar Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə ABŞ-ın məşhur Mayo Klinikası və Mərkəzi Klinik Xəstəxananın ortaq toplantısını təşkil edəcək, ürək xəstəlikləri, onlardan qorunmanın yolları və müalicəsində tətbiq edilən yenilikləri müzakirə edəcəyik ”.

Konfrans zamanı Mayo Klinikasının professoru Dr. Riçard Deyli ilə bu məsələni müzakirə etdiklərini deyən, Dr. Kamran Musayev gələcəkdə bu cür ortaq toplantıların dünyanın digər tanınmış xəstəxana və klinikaları ilə də təşkil edəcəklərini bildirdi.

Xatırladaq ki, Konfransda Çikaqo Universitetinin professoru, Maqdi Yakub Araşdırma İnstitutunun təsisçisi və rəhbəri professor Dr. Sir Maqdi Yakubla yanaşı, Miçiqan Universitetinin professoru Dr. Əsgər Xaqani, ABŞ-ın Mayo Klinikasının professoru Dr. Riçard Deyli, Nyukasl Universitetinin professoru Dr. Con Dark, Monako Ürək-Damar Mərkəzinin professoru Dr. Cills Dreyfus, Barselona Universitetinin ürək-damar cərrahiyyəsi mütəxəssisi Dr. Karlos Mestres, Qahirə Universitetinin professoru Dr. Əl Sayid Kamal Akl, Praqa Transplantasiya Mərkəzinin rəhbəri Dr. Yaroslav Spatenka, Roma Bio-tibbi Mərkəzinin professoru Dr. Françesko Musumeçi, Suriyanın Əl Bassel Ürək İnstitutunun direktoru Dr. Məcid Otman və digər ürək-damar cərrahiyyəsi və ürək transplantasiyası sahəsində dünyanın ən məşhur mütəxəssisləri qatılmışdı.