Azərbaycanda “Dünya Ürək Günü” qeyd edildi

18.04.2023

Azərbaycanda “Dünya Ürək Günü” qeyd edildi

Bu il “Tək Dünya, Tək Ev, Tək Ürək” şüarı ilə keçirilən “Dünya Ürək Günü” sentyabrın 29-a təsadüf etdi. Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) artıq bir neçə ildir ki, Dünya Ürək Günü ilə bağlı paytaxt Bakıda və ölkənin ayrı-ayrı regionlarında bu münasibətlə silsilə tədbirlər keçirir. “Dünya Ürək Günü”nə həsr olunmuş “Mən ürəklə işləyirəm” adlı beynəlxalq elmi konfrans,  ticarət mərkəzlərində təşkil edilən aksiyalar, uşaq evinin sakinlərinin kardioloji müayinədən keçirilməsi və s. ötən illərdə keçirilən tədbirlərdəndir.

Bu il də AÜDCC tərəfindən bir sıra silsilə tədbirlər keçirildi. Dünya Ürək Federasiyası tərəfindən hazırlanmış maarifləndirici buklet Azərbaycan dilinə tərcümə edilib, şəhərin müxtəlif bölgələrində paylanıldı. Sentyabrın 28-də və 30-da Metropark və Park Bulvar AVM-lərdə keçirilən aksiyalar vətəndaşların böyük marağına səbəb oldu.  Əhaliyə “Tək Dünya, Tək Ev, Tək Ürək” şüarının mahiyyəti barədə məlumat verildi, “Dünya Ürək Günü” ilə bağlı Dünya Ürək Federasiyası tərəfindən hazırlanmış maarifləndirici bukletlər paylandı, ödənişsiz əsaslarla insanların qan təzyiqi, qanda şəkərin, xolesterolun miqdarı ölçüldü. Eyni zamanda, Mərkəzi Klinikanın həkimləri və AÜDCC-nin üzvləri tərəfindən ürək-damar xəstəliklərindən qorunmağın yolları haqqında tövsiyələr verildi. Ümumilikdə bu aksiyalarda 1000-dən artıq insan müayinədən keçirildi, ürək xəstəlikləri və “Dünya Ürək Günü” ilə bağlı məlumatlandırıldı.

Sentyabrın 29-da isə Bakıda Hilton otelində Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə ABŞ-ın ən nüfuzlu səhiyyə müəssisələrindən biri olan Mayo Klinika ilə Mərkəzi Klinikanın ortaq toplantısı keçirildi. Toplantının əsas məqsədi kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində ən son yeniliklərin müzakirəsi, ölkələr arası əməkdaşlıq əlaqələrinin genişləndirilməsi idi. Toplantıda Mayo Klinikasının dünyada tanınmış mütəxəssisləri  cərrahi üzrə direktor, professor Riçard Dali və angioqrafiya şöbəsinin direktoru, professor Verqhese Metyu iştirak edirdi.

Azərbaycanda fəaliyyət göstərən bütün dövlət və özəl klinikaların kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində çalışan mütəxəssislərinin də iştirak etdiyi toplantıda kardiologiya və ürək-damar cərrahiyyəsinin aktual problemləri müzakirə edildi. Canlı diskussiyalar şəraitində keçən toplantıda “Dünya Ürək Günü”nün əhəmiyyəti bir daha vurğulandı.