Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti Antalyada Türkiyə Ürək-Damar Cərrahiyyəsi Dərnəyi ilə ortaq toplantı keçirib-2
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti Antalyada Türkiyə Ürək-Damar Cərrahiyyəsi Dərnəyi ilə ortaq toplantı keçirib-2
26-29 oktyabr 2018-ci il tarixdə Türkiyənin Antalya şəhərində Türkiyə Ürək və Damar Cərrahiyyəsi Dərnəyinin 15-ci Beynəlxalq Konqresi keçirilib.
Konqresin məqsədi ürək-damar cərrahiyyəsi sahəsində dünyanın tanınmış mütəxəssisləri ilə təcrübə mübadiləsi aparmaq, tətbiq olunan yenilikləri və texnologiyaları müzakirə etmək idi.
Konqresin proqramı çərçivəsində Türkiyə Ürək və Damar Cərrahiyyəsi Dərnəyi dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə ortaq iclaslar keçirdi. Bu sırada Kaliforniya və Kembric Universitetləri, Avropa Flebologiya Kolleci ilə ortaq toplantıları qeyd etmək olar.
Oktyabrın 28-də isə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti və Türkiyə Ürək və Damar Cərrahiyyəsi Dərnəyinin ortaq toplantısı təşkil olundu. Toplantıya AÜDCC sədri, professor Kamran Musayev və Türkiyə Ürək və Damar Cərrahiyyəsi Dərnəyinin sədr müavini professor Mehmet Ali Özatik rəhbərlik etdi.
Toplantıda AÜDCC sədri, professor Kamran Musayev “Minimal İnvaziv Ürək Cərrahiyyəsi: Bakı təcrübəsi”, AÜDCC üzvü t.ü.f.d Dr. Seymur Musayev isə “Orta İskemik MY-də mitrala müdaxilə edilməlidir” mövzusunda mühazirə ilə çıxış etdi. AÜDCC üzvləri Dr. Anar Əmrah və Dr. Ramil Əliyev isə panelist kimi iştirak etdilər. Ortaq toplantı Türkiyədən olan cərrahların mövzu ilə əlaqədar çıxışlarından sonra maraqlı müzakirələrlə yadda qaldı.
Bundan başqa, ölkəmizin müxtəlif klinikalarında çalışan ürək-damar cərrahları əldə etdikləri nəticələri tezislər və posterlər şəklində konqresdə təqdim etdilər.
Hər bir həkim çalışmalıdır ki, qlobal dünyada təbabətdə baş verən inkişafla ayaqlaşsın – deyən AÜDCC sədri, professor Kamran Musayev Antalyadakı Konqresin gənc cərrahların inkişafı baxımından çox əhəmiyyətli olduğunu vurğuladı.
“Türkiyədə keçirilən konqres beynəlxalq əməkdaşlığımızı genişləndirmək, ürək-damar cərrahiyyəsində tətbiq olunan yeni texnologiyalar və metodlarla tanış olmaq baxımından çox faydalı oldu. Bu konqresdə Cəmiyyətimiz geniş tərkibli heyətlə iştirak etdi. Olduqca zəngin elmi proqramı olan konqresin xüsusilə gənc həmkarlarıma biliklərini artırmaq üçün yararlı olduğu düşüncəsindəyəm. Konqres çərçivəsində AÜDCC-TÜDCD ortaq toplantısının keçirilməsi isə qardaş Türkiyədən olan həmkarlarımızla əməkdaşlığımızın yüksək səviyyədə olmasından xəbər verir. Biz çalışırıq ki, Cəmiyyətimizin hər bir üzvü beynəlxalq konqreslərdə iştirak etsin, daim öz bilik və təcrübələrini yeniləsin. Bu istiqamətdə Cəmiyyətimiz ardıcıl olaraq fəaliyyət göstərir, müxtəlif ölkələrin bənzər qurumları ilə əməkdaşlıq edirik. Üzvlərimizin beynəlxalq təcrübədən daha çox yararlanması üçün bu əməkdaşlıqlarımızı bundan sonra da davam etdirəcəyik.”