Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti Antalyada Türkiyə Ürək-Damar Cərrahiyyəsi Dərnəyi ilə ortaq toplantı keçirib

18.04.2023

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti Antalyada Türkiyə Ürək-Damar Cərrahiyyəsi Dərnəyi ilə ortaq toplantı keçirib

Konqresin məqsədi ürək-damar cərrahiyyəsi sahəsində dünyanın tanınmış mütəxəssisləri ilə təcrübə mübadiləsi aparmaq, tətbiq olunan yenilikləri və texnologiyaları müzakirə etmək idi.

Konqresin proqramı çərçivəsində Türkiyə Ürək və Damar Cərrahiyyəsi Dərnəyi dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə ortaq görüşlər keçirdi. Bu sırada Avropa Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti,  Beynəlxalq  Minimal İnvaziv Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti ilə ortaq toplantıları qeyd etmək olar.

Noyabrın 2-də isə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti və Türkiyə Ürək və Damar Cərrahiyyəsi Dərnəyinin ortaq toplantısı təşkil olundu. “Qarın Aortasının Anevrizmasının müalicəsində aktual problemlər” başlıqlı ortaq toplantıya AÜDCC sədri Dos.Dr. Kamran Kazımoğlu Musayev və Atatürk Universitetinin rektoru Prof.Dr. Hikmet Koçak rəhbərlik etdi.

Toplantıda AÜDCC sədri, Dos. Dr. Kamran Kazımoğlu Musayev “Qarın Aortasının Anevrizmasının müalicəsində aktual yanaşmalar: Mərkəzi Klinika təcrübəsi” mövzusunda mühazirə ilə çıxış etdi. Türkiyədən və müxtəlif xarici ölkələrdən gələn mühazirəçilərin mövzu ilə əlaqədar çıxışları ciddi müzakirələrə səbəb oldu.

“Türkiyədə keçirilən konqres beynəlxalq əməkdaşlığımızı genişləndirmək, ürək-damar cərrahiyyəsində tətbiq olunan yeni texnologiyalar və metodlarla tanış olmaq baxımından çox faydalı oldu. Mənimlə bərabər konqresdə Cəmiyyətimizin bir çox üzvü də iştirak etdi. Olduqca zəngin elmi proqramı olan konqresin xüsusilə gənc həmkarlarıma biliklərini artırmaq üçün yararlı olduğuna inanıram. Konqres çərçivəsində AÜDCC-TÜDCD ortaq toplantısının keçirilməsi isə qardaş Türkiyədən olan həmkarlarımızla əməkdaşlığımızın yüksək səviyyədə olmasından xəbər verir və biz çalışacağıq ki, bu əməkdaşlıq bundan sonra da uğurla davam etsin.

AÜDCC–nin üzvləri ilə Türkiyədə təhsillərini davam etdirən gənc azərbaycanlı ürək-damar cərrahlarının görüşünü xüsusilə qeyd etmək istəyirəm. Gənc həmkarlarımızın problemləri ilə maraqlandıq. Bu problemlərin həlli yollarını birlikdə müzakirə etdik. Kolleqalarımızın AÜDCC-nin tədbirlərində daha aktiv iştirak etmələri barəsində həmfikir olduq. Xüsusilə gələn il keçiriləcək “Bakı Ürək Günləri” 4-cü beynəlxalq konqresinin təşkilində onların dəstəyinin çox dəyərli olduğunu qeyd etdik.” – deyə Dr. Kamran Musayev bildirib.