Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti Bakıda “Bakı ürək günləri” mövzusunda beynəlxalq konqres keçirəcəkdir
Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti Bakıda “Bakı ürək günləri” mövzusunda beynəlxalq konqres keçirəcəkdir
Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tibb elmləri namizədi Kamran Musayev demişdir ki, bu konqres ümummilli liderimiz Heydər Əliyevin səhiyyəmizin inkişafı siyasətinin məntiqi nəticələrindən biridir. Belə ki, respublikamızda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin sürətli inkişafı məhz ümummilli liderimizin şəxsi təşəbbüsü əsasında beynəlxalq standartlar səviyyəsində yaradılan səhiyyə müəssisələrinin və xarici ölkələrdə hazırlanan milli kadrların bu işə cəlb edilməsi nəticəsində mümkün olmuşdur. Ümummilli liderimizin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət yetirməsi isə respublikamızda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin geniş vüsət almasına səbəb olmuşdur. Məhz bu əvəzolunmaz xidmətlərə görə, ilk dəfə təşkil etdiyimiz beynəlxalq konqresi ümummilli liderimizin əziz xatirəsinə həsr edirik.
Təşkilat komitəsinin sədri demişdir ki, kardiologiya və ürək cərrahiyyəsinin aktual problemlərinin müzakirə olunacağı bu konqresdə azərbaycanlı mütəxəssislərlə bərabər dünyanın 15 ölkəsindən (ABŞ, İngiltərə, İspaniya, Hollandiya, İtaliya, İsveçrə, Almaniya, Rusiya, İran, Türkiyə, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan) dəvət olunmuş həmkarlarımız iştirak edəcəklər.
Cəmiyyətin sədri K.Musayev bildirmişdir ki, proqramın hazırlanmasında kardiologiya və ürək cərrahiyyəsindəki ən mübahisəli problemlərə toxunmağa və konqresin elmi-praktik səviyyəsinin yüksək olmasına çalışmışıq. Eyni zamanda, bu konqres bizə kardiologiya sahəsində ən son nailiyyətləri dünyanın aparıcı mütəxəssisləri ilə müzakirə etmək fürsəti verəcəkdir.