AÜDCC üzvləri Türkiyə Ürək və Damar Cərrahiyyəsi Dərnəyinin XI Ulusal Konqresində iştirak edib
18.04.2023
AÜDCC üzvləri Türkiyə Ürək və Damar Cərrahiyyəsi Dərnəyinin XI Ulusal Konqresində iştirak edib
Konqresdə ürək və damar cərrahiyyəsinin əsas mövzuları müzakirə edilib, bu sahədəki son nailiyyətlər təhlil olunub. Konqres zamanı EACTS, ESVS və WSCHS kimi beynəlxalq ürək-damar cərrahiyyəsi cəmiyyətlərindən önəmli mütəxəssislərin iştirak etdiyi simpoziumlar, Texas Ürək İnstitutunun nümayəndələri ilə görüşlər keçirilib. Burada ilk dəfə olaraq Orta Asiya ölkələrindən ürək-damar cərrahları da iştirak edib. Konqres çərçivəsində Türk Dünyası Ürək və Damar Cərrahiyyəsi Birliyinin yaradılması müzakirə edilib. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tibb elmləri namizədi Kamran Kazımoğlu Musayev bu ideyanın tarixi əhəmiyyətə malik olduğunu bildirib:
“Türkiyə, Azərbaycan, Özbəkistan, Qırğızıstan və Tacikistandan olan məsləkdaşlarımızla ilk dəfə keçirdiyimiz bu toplantının tarixi əhəmiyyəti var. Türkiyə və türkdilli dövlətlərdə ürək və damar cərrahiyyəsinin bugünkü vəziyyətini müzakirə etdiyimiz bu toplantıda qarşılıqlı elmi və təcrübə mübadiləsinin yollarını axtardıq, gələcək fəaliyyət planını hazırladıq. Bu fəaliyyət planının həyata keçirilməsi qardaş ölkələrdə ürək və damar cərrahiyyəsi mərkəzlərinin kəmiyyət və keyfiyyət baxımından inkişafına müsbət təsir edəcək”.
AÜDCC sədri, tibb elmləri namizədi Kamran Kazımoğlu Musayev simpoziumlardan birinə rəhbərlik edib və karotid aorta xəstəliyi haqqında məruzə ilə çıxış edib.
Xatırladaq ki, Konqres ərəfəsində Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətilə Türkiyə Ürək və Damar Cərrahiyyəsi Dərnəyinin İdarə Heyətləri arasında razılaşma əldə edilmişdi. Razılaşmaya görə, Konqresdə iştirak edən AÜDCC üzvlərinin qeydiyyat və otel xərcləri təşkilatçılar tərəfindən ödənilib.