“2-ci Bakı Ürək Günləri” beynəlxalq konqresinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir
“2-ci Bakı Ürək Günləri” beynəlxalq konqresinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir
AÜDCC-nin sədri Kamran Musayev bildirmişdir ki, belə tədbirlərin ölkəmizdə reallaşması Azərbaycan dövlətinin memarı, ümummilli liderimiz Heydər Əliyevin səhiyyə siyasətinin məntiqi nəticələridir. Belə ki, respublikamızda kardiologiya və ürək-damar cərrahiyyəsi məhz ümummilli liderimizin şəxsi təşəbbüsü əsasında sürətli inkişaf yoluna qədəm qoymuşdur.
K.Musayev məlumat vermişdir ki, konqresdə yerli mütəxəssislərlə yanaşı, dünyanın 25 ölkəsindən 250-yə yaxın xarici kardioloq və kardiocərrah iştirak edəcəkdir. Məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir.
AÜDCC-nin sədr müavini Firdovsi İbrahimov bildirmişdir ki, hazırda dünyada ölüm halları 50 faizdən çoxu ürək-damar xəstəlikləri ilə əlaqədardır. Azərbaycanda kardiologiya sahəsinə xüsusi diqqət vardır. Artıq ürək-damar xəstəliyindən dünyasını dəyişən insanların sayı azalmaqdadır. Azərbaycanda səhiyyə sahəsində çox böyük inkişaf müşahidə və biz xarici mütəxəssislərlə də tez-tez müzakirələr apararaq bu sahənin daha da inkişaf etdirilməsinə çalışırıq. Konqresdə kardiologiya və ürək cərrahiyyəsindəki ən mübahisəli problemlərə toxunulacaqdır.
Xəstələr üzərində dünyanın tanınmış mütəxəssisləri ilə birgə aparılacaq əməliyyatların gedişi tədbirdə canlı yayımlanacaqdır.
Qeyd olunmuşdur ki, bu konqresə hazırlıq 6 ay bundan öncə başlamış, tədbirin saytı istifadəyə verilmiş, iştirakçıların elektron qeydiyyatı aparılmışdır. Eyni zamanda, ilk dəfə olaraq respublikamızdan və xarici ölkələrdən məqalə və tezislərin elektron qəbulu həyata keçirilmişdir.