Dünya Ürək Günündə daha bir sosial aksiya keçirilib

03.10.2025

Dünya Ürək Günündə daha bir sosial aksiya keçirilib

29 sentyabr – Dünya Ürək Günüdür. Dünya Ürək Federasiyasının təşəbbüsü ilə hər ilin bu günündə müxtəlif aksiyalar, tədbirlər həyata keçirilir.

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti hər il olduğu kimi bu il də Dünya Ürək Gününü müxtəlif tədbirlərlə qeyd edir.

Bu dəfə Cəmiyyətin üzvü olan bir qrup həkim və tibb bacısı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmət Agentliyinin 2 saylı Uşaq evi sosial xidmət müəssisəsində məskunlaşmış uşaqlar pediatr, kardioloq, kardiocərrah və oftalmoloq tərəfindən müayinə edilib. Müayinədən sonra müalicə kursu təyin olunub.

Mərkəzi Klinik Xəstəxananın həkim briqadasının təyin etdiyi müalicə kursuna uyğun olaraq KRKA Şirkəti onları lazımi dərman preparatları ilə təmin edib.

AÜDCC sədri, ürək-damar cərrahı, tibb üzrə fəlsəfə doktoru Ramil Əliyev bildirib ki, mütəmadi olaraq bu cür xeyriyyə aksiyaları təşkil edilir:

“Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti olaraq biz hər il qocalar evinə və uşaq evlərinə bu cür ziyarətlər həyata keçiririk. Bütün dünyada 29 sentyabrda qeyd edilən Dünya Ürək Gününü 2010-cu ildən etibarən biz də ənənəvi olaraq qeyd edirik. Bu il də  Sosial Xidmət Agentliyinin 2 saylı Uşaq evi sosial xidmət müəssisəsində məskunlaşmış uşaqlar müayinədən keçirildi, onlara uyğun müalicə kursu yazıldı.”

Dr. Ramil Əliyev bu cür aksiyaların bundan sonra da davam etdiriləcəyini bildirib.