Cəmiyyətimiz Beynəlxalq Flebologiya İttifaqına rəsmi üzv qəbul edilib
Cəmiyyətimiz Beynəlxalq Flebologiya İttifaqına rəsmi üzv qəbul edilib
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) bir müddət əvvəl Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Beynəlxalq Flebologiya İttifaqının (International Union of Phlebology) XXI konfransında ölkəmizi uğurla təmsil edərək mühüm nailiyyət əldə edib.
Tədbirdə AÜDCC-nin fəaliyyəti yüksək qiymətləndirilib, Cəmiyyət Beynəlxalq Flebologiya İttifaqının rəsmi üzvlüyünə qəbul edilib. Bu tarixi qərar Azərbaycanın ürək-damar xəstəlikləri sahəsində qlobal elmi mühitə inteqrasiyasını daha da gücləndirir və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir.
Konfransda ölkəmizi AÜDCC-nin sədri, ürək-damar cərrahı Dos., t.e.d. Ramil Əliyev və cəmiyyətin işçi qrupunun rəhbəri, cərrah-fleboloq, Prof., t.ü.f.d. Vüqar Fəttah-Pur təmsil ediblər. Onlar Azərbaycan flebologiyası üzrə son yeniliklər, müasir diaqnostika və klinik yanaşmalar barədə beynəlxalq auditoriya qarşısında ətraflı təqdimatlarla çıxış ediblər.
Konfrans çərçivəsində AÜDCC nümayəndələri dünya üzrə aparıcı mütəxəssislərlə bir sıra ikitərəfli görüşlər keçiriblər. Bu görüşlərdə gələcək birgə tədqiqatlar, elmi proqramlar və Azərbaycanda cərrahlar üçün təlim layihələrinin təşkili istiqamətində əhəmiyyətli müzakirələr aparılıb.
AÜDCC-nin sədri Ramil Əliyev bildirib ki, cəmiyyət beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi və ölkəmizdə ürək-damar xəstəliklərinin müalicə olunmasında ən müasir standartların tətbiqi istiqamətində fəaliyyətini ardıcıl olaraq davam etdirəcək.