Dünya Ürək Günü ilə əlaqədar növbəti xeyriyyə aksiyası keçirilib

29 sentyabr – Dünya Ürək Günüdür. Dünya Ürək Federasiyasının təşəbbüsü ilə hər ilin bu günündə müxtəlif aksiyalar, tədbirlər həyata keçirilir.

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti hər il olduğu kimi bu il də xeyriyyə aksiyası keçirməklə Dünya Ürək Gününü qeyd edib.

Belə ki, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin üzvü olan bir qrup həkim və tibb bacısı tərəfindən Şağan qəsəbəsində yerləşən 1 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evində və Binə qəsəbəsində yerləşən “Ümid Yeri” Uşaq Sığınacağında məskunlaşmış uşaqların pediatrik və kardioloji müayinəsi həyata keçirilib. Müayinədən sonra müalicə kursu təyin olunub.

Mərkəzi Klinikanın həkim briqadasının təyin etdiyi müalicə kursuna uyğun olaraq KRKA Şirkəti onları lazımi dərman preparatları ilə təmin edib.

AÜDCC sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru Kamran Musayev bildirdi ki, həkim və tibb bacısı heyəti ilə mütəmadi olaraq qocalar evinə və uşaq evlərinə bu cür ziyarətlər həyata keçirilir:

“Məqsəd artıq silsilə halını almış aksiyalarımızı Dünya Ürək Günü ərəfəsində də davam etdirmək, eyni zamanda müayinə və müalicəyə ehtiyacı olan insanlarımıza yardım etməkdir. Bu dəfə əvvəlcə Şağan qəsəbəsində yerləşən internat evini, ardınca “Ümid Yeri” Uşaq Sığınacağını ziyarət etdik. İnternat evində məskunlaşmış 179 uşaq və yeniyetmə, “Ümid Yeri”ndə isə 45 uşaq müayinə edildi, müalicələrinə lazımi köməklik göstərildi. Bundan sonra da bu cür aksiyaları davam etdirəcəyik.”

Share This: