“Aortanın patologiyalarının endovaskulyar metodla müalicəsi” mövzusunda elmi-praktiki seminar

Dekabrın 14-də Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə rezidentlər və gənc həkim-cərrahlar üçün “Aortanın patologiyalarının endovaskulyar metodla müalicəsi” mövzusunda elmi-praktiki seminar təşkil olunub.

KRKA və Medtronic Şirkətlərinin dəstəyi ilə keçirilən seminarın proqramına əsasən, əvvəlcə Prof. Dr. Ahmet Memiş tərəfindən “Aortanın anevrizmalarında və disseksiyalarında radiodiaqnostika, EVAR və fəsadlaşmaların endovaskulyar müalicəsi” mövzusunda mühazirə oxunub.

Daha sonra AÜDCC sədri, Prof. Dr. Kamran Kazımoğlu Musayev “Aort disseksiyalarının hibrid müalicəsi və bizim təcrübəmiz” adlı mühazirə ilə seminar iştirakçıları qarşısında çıxış edib.

Seminarda qarşılıqlı fikir mübadiləsi aparılıb və gənc həkimləri maraqlandıran suallar cavablandırılıb.

Prof. Dr. Kamran Kazımoğlu Musayev ötən bir il ərzində gənc həkim-cərrahlar və rezidentlər üçün bu cür seminarların keçirildiyini, növbəti ildə də ənənəvi olaraq davam edəcəyini bildirib:

“Keçirilən bu seminarların əsas məqsədi təcrübəli həmkarlarımızın öz bilik və təcrübələrini gənc həkim və rezidentlərlə bölüşməsidir. Gənc həkimlərin öz elmi-praktiki biliklərini artırmaq üçün bu cür seminarlarda iştirakı çox vacibdir.  Növbəti ildə də bu seminarları davam etdirəcəyik.”

Share This: