Dünya Ürək Günü ilə bağlı silsilə tədbirlər təşkil olunacaq

Dünya Ürək Federasiyası dünyanın 100-dən çox ölkəsində ürək cəmiyyətləri və ürək fondlarının birgə səyi sayəsində 200 üzv təşkilatın birləşmiş icması vasitəsi ilə bütün dünyada ürək xəstəliklərinə qarşı mübarizə aparır.

Hər il sentyabrın 29-da qeyd olunan Dünya Ürək Günü Dünya Ürək Federasiyası tərəfindən hər il fərqli şüarla qeyd edilir. “Mənim ürəyim, sənin ürəyin” (My heart, your heart) Dünya Ürək Gününün bu ilki şüarıdır. Bu il insanlardan mənim ürəyim, sənin ürəyin, bizim ürəyimiz üçün kiçik bir arzu tutmağı istəyən Dünya Ürək Federasiyası ürək sağlamlığına daha çox diqqət ayırmağı hədəfləyir.

Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti hər il olduğu kimi bu il də Dünya Ürək Günü ilə bağlı paytaxt Bakıda və ölkənin ayrı-ayrı regionlarında bu qəbildən silsilə tədbirlər keçirəcək. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, ürək-damar cərrahı, tibb elmləri doktoru, professor Kamran Musayev 25-30 sentyabr tarixlərində Dünya Ürək Günü ilə əlaqədar silsilə tədbirlər keçirəcəklərini bildirib.

“Hər il olduğu kimi bu il də Dünya Ürək Gününü qeyd edəcəyik. Bu həftəni ölkəmizdə “Dünya Ürək Günü” həftəsi elan etmişik. Həftə çərçivəsində müxtəlif tədbirlərlə ürək sağlamlığının əhəmiyyətindən danışacaq, insanları əsas orqan olan ürəyin fəaliyyətinə biganə qalmamağa çağıracağıq.”

Həftənin ilk tədbiri sentyabrın 25-də saat 11:00-da Şağan qəsəbəsində yerləşən 3 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evində baş tutacaq. Burada məskunlaşan uşaqlar Mərkəzi Klinik Xəstəxananın həkim briqadası tərəfindən müayinədən keçiriləcək, müayinədən sonra onlar üçün müayinə kursu təyin ediləcək və KRKA Şirkəti tərəfindən lazımi dərman preparatları ilə təmin olunacaqlar.

Daha çox insanın Dünya Ürək Günü ilə bağlı məlumatlandırılması məqsədilə paytaxtımızda yerləşən ticarət mərkəzlərindən birində aksiya keçiriləcək. Aksiya zamanı Mərkəzi Klinik Xəstəxananın həkim briqadası tərəfindən ödənişsiz əsaslarla insanların qan təzyiqi, qanda şəkərin, xolestrolun miqdarı ölçüləcək, ürək-damar xəstəliklərindən qorunmağın yolları haqqında məsləhətlər veriləcək.

Sentyabrın 27-də isə Hyatt Regency otelində KRKA Şirkətinin dəstəyi ilə ürək-damar cərrahları, rezidentlər və gənc həkimlər üçün Dünya Ürək Gününə həsr olunmuş elmi-praktiki seminar təşkil olunacaq.

Share This: