AÜDCC üzvləri Bilgəhdəki qocalar evində məskunlaşmış ahılları ziyarət edib

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə 26-28 may 2017-ci il tarixdə “Gülüstan” Sarayında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresi keçiriləcək.

Konqresə qədər isə AÜDCC tərəfindən “Bakı Ürək Günləri” adı altında silsilə tədbirlər həyata keçiriləcək.

İlk belə tədbir Bilgəhdə yerləşən Qocalar Evində baş tutub. Belə ki, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin üzvü olan bir qrup həkim və tibb bacısı Bilgəhdəki qocalar evini ziyarət edib, ürək-damar sistemi xəstəliklərindən şikayətçi olan ahıllar əvvəlcə müayinə edilib, müayinədən sonra müalicə kursu təyin olunub.

Mərkəzi Klinikanın həkim briqadasının təyin etdiyi müalicə kursuna uyğun olaraq KRKA Şirkəti onları lazımi dərman preparatları ilə təmin edib.

AÜDCC sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru Kamran Musayev bildirdi ki, həkim və tibb bacısı heyəti ilə qocalar evinə, uşaqlar evinə bu cür aksiyalar mütəmadi olaraq həyata keçirilir:

“Bu dəfə Bilgəhdəki qocalar evini ziyarət etdik. Orada məskunlaşmış 100-ə yaxın ahılı müayinə etdik, müalicələrinə lazımi köməklik göstərdik. Bundan sonra da bu cür aksiyaları davam etdirəcəyik.”

Share This: