AÜDCC Antalyada Türkiyə Vaskulyar və Endovaskulyar Cərrahiyyə Cəmiyyəti ilə birlikdə ortaq toplantı keçirib

Türkiyə Vaskulyar (Damar) və Endovaskulyar Cərrahiyyə Dərnəyi 29 oktyabr – 01 noyabr tarixləri arasında Antalya şəhərində 17-ci milli konqresini keçirdi.

Konqresə ABŞ, İngiltərə, Almaniya və digər qabaqcıl ölkələrdən onlarla mütəxəssis cərrahlar dəvət olunmuşdu. Ölkəmizi bu mötəbər tədbirdə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tibb elmləri doktoru Kamran Musayevin başçılığı altında çoxsaylı cərrah və tibb bacılarından ibarət nümayəndə heyəti təmsil etmişdir.

Konqresin ikinci günündə Türkiyə və Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətlərinin ortaq toplantısı baş tutmuşdur. AÜDCC-nin sədri t.e.d. Kamran Musayev və Türkiyə Vaskulyar və Endovaskulyar Cərrahiyyə Dərnəyinin baş katibi prof.dr. Tankut Akayın rəhbərlik etdiyi toplantı aorta cərrahiyyəsinin aktual problemlərinə həsr olunmuşdur. Ortaq toplantıda aorta cərrahiyyəsinin ən mübahisəli məsələləri ilə əlaqədar ikisi azərbaycanlı mütəxəssislərdən olmaqla 7 mühazirə oxunmuşdur. Mərkəzi Klinikanın baş həkimi, t.e.d Kamran Musayev  “Qapaqqoruyucu metodika ilə aortanevrizmalarının cərrahi müalicəsi” mövzusunda, öz təcrübələrini də əlavə edərək fundamental bir çıxış etmişdir. Mərkəzi Neftçilər Xəstəxanasından Dr.Natiq Mirzəyevin “Qalxan aortanevrizmalarında cərrahi zamanlama” mövzusundakı mühazirəsi də maraqla qarşılanmışdır. Toplantının sonunda iştirakçılar mövzu ətrafında geniş fikir mübadiləsi aparmışlar.

AÜDCC-nin sədri, t.e.d. Kamran Musayev konqresdə iştirak edən xarici qonaqlarla intensiv görüşlər keçirmiş, bu görüşlərdə ürək-damar cərrahiyyəsinin aktual problemləri, eyni zamanda ikitərəfli elmi-praktik münasibətlərin inkişaf etdirilməsini müzakirə etmişdir. ABŞ nümayəndələrindən Stanford Universitetinin Damar Cərrahiyyəsi Kafedrasının müdiri, Prof. Dr. Ronald Dalmanla olan görüş də isə gənc azərbaycanlı mütəxəssislərin Stanford Universitetində elmi-praktik təcrübələrini artırmaq barəsində ilkin razılıq əldə olunmuşdur. Eyni zamanda Stanford Universiteti ilə Mərkəzi Klinikanın gələcək münasibətlərinin perspektivləri müzakirə olunmuşdur.

Onu da qeyd etmək lazımdır ki, toplantı zamanı ölkəmizdə fəaliyyət göstərən ürək-damar cərrahları ilə Türkiyədə bu sahə üzrə rezidentura (uzmanlıq) təhsili alan gənc mütəxəssislərin görüşü də baş tutmuşdur. Türkiyədə təhsillərini davam etdirən həmyerlilərimiz Türkiyə-Azərbaycan ortaq toplantısına ciddi maraq göstərmiş, müzakirələrdə aktiv iştirak etmişlər.

Share This: