“Bakı ürək günləri” 4-cü beynəlxalq konqresi maraqlı müzakirələrlə yadda qaldı

“Fairmont Baku”da Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) təşkilatçılığı ilə keçirilən “Bakı ürək günləri” 4-cü beynəlxalq konqresi mayın 17-də başa çatıb.

450-dən artıq tibb mütəxəssisi, o cümlədən dünyanın 24 ölkəsinin tanınmış 70 kardioloqunun iştirak etdiyi konqres Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmişdi. Bu isə təsadüfi deyildi. İnkaredilməz faktdır ki, ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan verib. Dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzu gündən-günə artır. Müstəqilliymizin ilk illərində müharibə şəraitində yaşayan və iqtisadi çətinliklər içində boğulan Azərbaycanı ağır durumdan Ulu Öndərin parlaq zəkası və uzaqgörənliyi xilas etdi. Xüsusilə səhiyyədə vəziyyət ürəkaçan deyildi. Lazımi tibbi avadanlıqlar, dərman çatışmırdı. Belə bir vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin nüfuzu sayəsində beynəlxalq qurumlar Azərbaycana kömək etməyə başladılar. Profilaktik tədbirlər sayəsində yoluxucu xəstəliklərin Azərbaycanda yayılmasının qarşısı alındı.

Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsində Azərbaycan səhiyyəsində uğurla aparılan islahatları, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işləri bu gün hər birimiz öz həyatımızda hiss edirik. Dövlətimizin başçısının səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatını və müalicəsinin, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin, xüsusilə uşaqların bütün tibbi xidmətlərə ən yüksək səviyyədə əhatə olunmasının başlıca istiqamətlərini təşkil edir.

Görülən tədbirlər nəticəsində son illərdə ölkəmizdə ölüm göstəricisi azalıb, doğum və bununla bərabər təbii artım göstəricisi yüksəlibdir. Bu göstəricilərə görə Azərbaycan Avropa ölkələri sırasında öndə gedir. Eyni zamanda, Azərbaycanda səhiyyə sisteminə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi ildən-ilə artırılır. Məhz bu artım əsasında 600-dək tibb müəssisəsi yaradılaraq və ya yeniləşərək əhalinin istifadəsinə verilib. İstər paytaxt Bakıda, istərsə də bölgələrdə ən yüksək avadanlıqlarla təchiz edilmiş mərkəzlərdə ürək əməliyyatlarının aparılması adi hala çevrilib. Hətta Mərkəzi Klinikada xəstəyə süni ürək köçürülməsi əməliyyatı uğurla aparılıb. Bütün bu nailiyyətlərin əldə olunmasının, bu qəbildən beynəlxalq konqreslərin Bakıda keçirilməsinin əsasında, heç şübhəsiz, Ulu Öndərin əsasını qoyduğu və formalaşdırdığı səhiyyə siyasəti dayanır.

Üç gün davam edən konqresdə Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, xarici mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq məqsədilə tibb elminin bu sahədəki son yenilikləri və ən mübahisəli problemlərinə dair fikir mübadiləsi aparıldı. Birinci gündə-mayın 15-də təşkil edilən “Maketlər üzərində femoro–popliteal bypass (bud–dizaltı şuntlama)” və “Heyvan ürəkləri üzərində koronar anastomoz” kursları gənc kardioloqlar üçün çox faydalı oldu. Sonrakı gündə isə yerli və xarici mütəxəssislərin kardiologiyaya dair 60-dək məruzəsi dinlənildi. Məruzələr ətrafinda çox maraqlı müzakirələr aparıldı.

Dünyanın tanınmış kardioloqları açılış nitqlərində mühüm əhəmiyyət kəsb edən belə bir tədbirin Bakıda keçirilməsini yüksək dəyərləndirdilər və bunun Azərbaycan səhiyyəsinin inkişafı ilə bağlı olduğunu bildirdilər. Ancaq Murat Tuzcunun səmimi çıxışını konqres iştirakçılarının yaddaşından yəqin ki, uzun müddət silinməyəcək. Xalqımızın yaddaşında Ümummilli Liderin ürək həkimi kimi qalan Murat Tuzcu dedi: “Heydər Əliyevin qəlbi həmişə Azərbaycanla döyünürdü. Mənə həmişə Azərbaycanın təbii gözəllikləri barədə danışardı. Çox iradəli və qətiyyətli insan idi, hətta onun gücü biz həkimlərə də sirayət edirdi.”

Dünya Səhiyyə Təşkilatının açıqladığı son statistikaya əsasən bildirildi ki, ürək-damar xəstəlikləri dünyada ən çox ölümə və əlilliyə səbəb olan xəstəliklər arasında birincidir. Azərbaycanda da eyni vəziyyətdir. Bununla bərabər, ürək-damar xəstəliklərinin qarşısının alına biləcəyi də qeyd edildi. Ümumi qənaət belə oldu ki, ürək-damar xəstəliklərinə yol açan səbəblər ortadan qaldırılsa, 80 faiz xəstəliyin qarşısını almaq mümkündür. Bunun üçün insanlar tütün məmulatlarından istifadə etməməli, yağlı qidalardan uzaq durmalı və oturaq həyat tərzinə son qoymalıdırlar.

Mayın 17-dəki sessiyalar da ciddi müzakirələrlə yadda qaldı. Yunanıstan, İsveçrə, ABŞ, Almaniya, Rusiya, eləcə də Azərbaycan alimlərinin elmi məruzələri maraqla qarşılandı. Beləliklə, Bakı 4-cü dəfə kardiologiya üzrə beynəlxalq tədbirə ev sahibliyi etdi. Azərbaycanlı kardioloqlar üç gün ərzində xarici həmkarları ilə təcrübə mübadiləsi apardılar. Bu isə Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına ən böyük töhfədir.

Share This: