Murad Tuzçu: Azərbaycanda kardiologiya və kardiocərrahiyyə yüksək səviyyədədir

Mən bir daha Azərbaycan paytaxtında olmağıma və “Bakı Ürək Günləri” IV Beynəlxalq Konqresinin işində iştirak etməyimə çox şadam. Bakıda ilk dəfə 10-12 il əvvəl olmuşam. Azərbaycan səhiyyəsi bu illər ərzində irəliyə doğru güclü sıçrayış edib və hazırda əhaliyə tibbin bütün sahələrində dünya səviyyəli xidmətlər göstərilir.

AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə müsahibəsində ABŞ-ın Klivlend klinikasının kardiologiya bölməsi direktorunun müavini, Azərbaycanın böyük dostu Murad Tuzçu səsləndirib.

Dünya şöhrətli kardioloq bildirib ki, həmin illərdə Azərbaycanda kardiologiya bir o qədər də inkişaf etməmişdi. Lakin bu gün respublikada ürək xəstəliklərinin diaqnostikası və müalicəsi ən müasir standartlara cavab verir. M.Tuzçu deyib: “Bugünkü vəziyyəti on il əvvəlki durumla müqayisə edəndə, həmin meylin ciddi dəyişdiyini etiraf etmək lazım gəlir. 12 il əvvəl çox az adam inanırdı ki, Azərbaycan həkimləri ürəkdə əməliyyat apara bilər. Bu aşkar idi. Bu gün isə ürək xəstələrinin çoxu Azərbaycanda əməliyyat olunmaq istəyir. Hazırda Azərbaycanda aorta-koronar şuntlama əməliyyatları beynəlxalq tibbin ən müasir tələblərinə uyğun aparılır, dünyanın ən yaxşı kardiocərrahiyyə mərkəzləri səviyyəsində texnologiyalardan istifadə olunur. Hesab edirəm ki, ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələrin xarici ölkələrdə əməliyyat olunması bu gün sizin ölkəniz üçün əvvəllər olduğu qədər aktual deyil”.

Share This: