Kamran Musayev: Ötən il Mərkəzi Klinik Xəstəxanada təqribən min ürək-damar əməliyyatı aparılıb

2009-cu ildən başlayaraq, Azərbaycan paytaxtında iki ildən bir “Bakı Ürək Günləri” adlı Beynəlxalq Konqres keçirilir. Mayın 15-17-də keçirilən və ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş builki forumda 450-dən çox mütəxəssis, o cümlədən dünyanın 24 ölkəsindən 70 ekspert iştirak edir. Konqres çərçivəsində 15 sessiyada 60-dan yuxarı məruzə dinləniləcək, kardiologiya və kardiocərrahiyyənin ən aktual məsələləri müzakirə ediləcək. Beynəlxalq konqresin birinci günündə gənc kardioloqlar üçün “Maketlərdə bud-dizaltı şuntlama” mövzusunda kurslar təşkil edilib. Hesab edirəm ki, beynəlxalq konqres Azərbaycan kardioloqları və kardiocərrahlarına dünyanın aparıcı mütəxəssisləri ilə birlikdə bu sahənin ən müasir nailiyyətlərini müzakirə etmək imkanı verir.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) sədri, Mərkəzi Klinik Xəstəxananın (MKX) baş həkimi Kamran Musayev məlumat verib.

Ürək-damar xəstəliklərini doğuran səbəblərə toxunan K. Musayev deyib: “Ürək-damar xəstəlikləri bütün dünyada ölüm hallarının başlıca səbəbidir. Dünya Səhiyyə Təşkilatının son statistikasına görə, insanlar ürək-damar xəstəlikləri qədər heç bir xəstəlikdən ölmür. Üstəlik, bütün dünyada ürək-damar xəstəliklərinin “gəncləşməsi” müşahidə olunur. Əfsus ki, analoji vəziyyət Azərbaycanda da müşahidə edilir. Ürək-damar xəstəliklərini törədən səbəbləri aradan qaldırmaqla, onların çoxunun qarşısını almaq olar. Siqaret çəkməл, yüksək qan təzyiqi, şəkərli diabet, düzgün olmayan qidalanma həmin səbəblərdəndir. Azərbaycan səhiyyəsi son illərdə irəliyə doğru güclü sıçrayış edib.

Bu gün ölkədə səhiyyə on il əvvəl ilə müqayisədə tamamilə başqa səviyyədədir. Paytaxtda və regionlarda beynəlxalq standartlara cavab verən, müasir avandanlıqla təchiz edilmiş yeni tibb müəssisələri, müalicə-diaqnostika mərkəzləri açılıb. Həmin tibb ocaqlarında azərbaycanlı həkimlər çalışırlar. Biz ürək-damar xəstəliklərindən əziyyət çəkən gənclər üzərində cərrahiyyə əməliyyatı aparırıq. Son 14 ildə MKX-də 11 mindən çox, o cümlədən ötən il təqribən min ürək-damar əməliyyatı aparılıb”.

Share This: