Azərbaycanda ilk dəfə “kateter vasitəsilə ürək qapağinin protezləşdirilməsi əməliyyatı” (TAVİ) həyata keçirilmişdir

Azərbaycan səhiyyəsi yeni bir uğura imza atıb. Belə ki, bu günlərdə Mərkəzi Klinikada ölkəmizdə ilk dəfə olaraq “kateter vasitəsilə ürəyin aortal qapağının protezləşdirilməsi” (TAVİ) əməliyyatı icra edilmişdir.

Əməliyyat Mərkəzi Klinikanın baş həkimi, ürək – damar cərrahı, dos.dr. Kamran Musayev və komandası tərəfindən həyata keçirilmişdir.

Ürəyin qapaq xəstəlikləri ölkəmizdə də kifayət qədər geniş yayılmışdır. Son illərdə qapaq xəstəliklərinin müalicəsində də ölkəmizin kardiologiyası və ürək-damar cərrahiyyəsi ciddi nailiyyətlər əldə etmişdir.

Qapaq xəstəliklərinin müalicəsində ən müasir nailiyyət ürək qapaqlarının kateter vasitəsilə protezləşdirilməsidir. Xüsusilə yaşlı və ciddi riskli xəstələrdə bu metod effektiv bir metod kimi qəbul olunur. Çünki bu xəstələrdə açıq (klassik) metodla əməliyyatın riski olduqca yüksəkdir.

Dos.Dr.Kamran Musayevin verdiyi məlumata görə, TAVİ (transcatheter aortic valve implantation) adlanan bu əməliyyat dünyanın ən qabaqcıl ölkələrində son 10 ildə tətbiq olunmağa başlayıb. ABŞ – da 2007-ci ildən etibarən tətbiq olunur. Bu metod ciddi riskli qapaq xəstələri üçün bir ümid yeri, həyat qurtarıcı bir alternativ təşkil edir.

“Bizim xəstəmiz 79 yaşında qadın xəstə idi. Yaşını və yanaşı xəstəliklərini nəzərə alaraq klassik cərrahiyyənin yüksək riskli olduğunu düşündük və TAVİ metoduyla xəstəmizi müalicə etməyə qərar verdik. Lazımi hazırlıq proseduralarından sonra xəstəmizdə TAVİ əməliyyatını uğurla icra etdik. Onu da qeyd etmək istəyirəm ki, bu əməliyyat üçün ciddi infrastruktura və kadr hazırlığı tələb olunur. İki ilə yaxındır ki, biz Mərkəzi Klinikada bu əməliyyatları başlatmaq üçün hazırlaşırdıq. Hərtərəfli hazırlıqları başa vurduqdan sonra bu əməliyyatları icra etməyə başlamışıq. Bu əməliyyatlar tam bir komanda işidir. Klinikamızda da kardioloqlar, kardiocərrahlar, anestezioloqlar və reanimatoloqların birgə əməyi nətəcəsində TAVİ əməliyyatını icra edə bildik. Xüsusi kateterlər vasitəsilə ürəyin zirvə nahiyəsindən aortal qapağı implantasiya etdik. Açıq ürək əməliyyatına, ürəyin dayandırılmasına, süni ürək qan dövranına ehtiyac olmadan əməliyyatı uğurla başa vurduq”- deyə Dr.Kamran Musayev qeyd etmişdir.

Share This: