AZƏRBAYCANDA İLK UĞURLU “SÜNİ ÜRƏK KÖÇÜRÜLMƏSİ”

Bu uğurlu əməliyyatı Mərkəzi Klinikanın kardioloqu Dr. Kamran Musayev 44 yaşlı pasiyentin üzərində aparıb.“Dilatasion kardiomiopatiya” adlı xəstəlikdən uzun müddətdir əziyyət çəkən İbrahim Mansurov adlı şəxs son ümid yerini Mərkəzi Klinikada tapmışdır.

Heartmate II – ürəyin süni sol mədəciyi
Ürəyin süni mədəciyi – mexaniki qurğu olub, xroniki ürək çatışmazlığı (XÜÇ) zamanı qismən və ya tamamilə ürək funksiyasını əvəzləyir.Ürəyin süni mədəciyi sağ və sol, bəzən də hər iki ürək mədəciklərinin funksiyasını əvəz edir.Ağciyər damarlarının müqavimətindən asılı olaraq, bu və ya digər yardımçı mədəcik qurğusundan istifadə olunur.Süni sol mədəcikdən (SSM) istifadəyə daha çox rast gəlinir.
Günümüzdə ən çox tanınan SSM tiplərindən Thoratec Corporation şirkətinin (Kaliforniya ştatı, Plezanton şəh.) istehsalı olan HeartMate II  rotor nasosu hesab olunur. Bu, SSM-in yeni nəsli olub, kiçik ölçüsü ilə fərqlənir. Qadınlarda və yeniyetmələrdə implant kimi istifadə oluna bilir.
Adətən bu qurğular diafraqmaaltı qarın boşluğunda yerləşdirilir və xaricdən elektrik təchizatına qoşulur. Zaman keçdikcə bu qurğunun ölçüsü kiçilir və daha gec enerji tələb edir (HeartMate II  SSM-in elektro-qidalandırıcı elementləri  hər 10 saatdan bir enerji tələb edir).
İşlək ürəkdə sol mədəciyin üst tərəfinə, ikinci magistral vasitəsilə qanı aortaya köçürən qurğuya birləşmiş ötürücü magistral calanır.Nəticədə ürək “qənaətli” rejimdə işləyir, belə ki, pasientin sol mədəciyi ilə paralel olaraq, eyni anda süni nasos da işləyir.
Bu üsul hemodinamikanın kritik pozulması həddində olan, ürək transplantasiyası üçün donor gözləyən xəstələrə təklif olunur.Bəzən donor-ürək gözləmək uzun zaman çəkdiyindən, bəzi pasientlərdə SSM həftələr və hətta aylar boyunca işləməli olub.Ürək nəqli məsləhət görülməyən xəstələrdə isə (yaş, bəzi xəstəliklər və s.) süni ürək mədəciyi implantı son variant kimi istifadə oluna bilər.Təəccüb doğuran fakt odur ki, bəzi hallarda xəstənin “dincəlmiş sol mədəciyi” özünün döyünmə xüsusiyyətini müntəzəm olaraq bərpa edib. Bu da öz növbəsində, konsepsiyanıın “ürək nəqlindən” “sağalma”ya  istiqamətlənməsinə gətirib çıxarıb. Kritik xroniki ürək çatışmazlığı olan xəstələrin müalicəsi metodikasında SSM-in uzun müddətə (bir neçə aylıq) quraşdırılması ideyası yaranıb.
ABŞ-da orta yaş həddi 50 olan 133 pasient üzərində HeartMate II SSM-i sınaqdan keçirilib.Sınaq əsnasında SSM qurğusunun refrakter ürək çatışmazlığı olan (bu çatışmazlıq medikamentoz müalicəyə tabe olmur), ürək transplantasiyasını gözləyən xəstələrə implantasiya yolu ilə quraşdrılmasının effektivliyi və təhlükəsizliyi də yoxlanılıb.Nasosun transplantasiyasından sonra xəstələr 3 aydan 8 aya kimi müddətə nəzarət altında olublar.Əksəriyyəti yaxşı dinamika nümayiş etdirərək, ürək çatışmazlığı dərəcəsini daha yüngül səviyyəyə endirə biliblər.25 insan dünyasını dəyişib, bundan yalnız biri məhz ötürücü nasosla bilavasitə əlaqəli olub, 56-sı isə donor-ürək qazanıb.4 insan, ümumiyyətlə, siyahıdan adını sildirib, belə ki, rahat və daha etibarlı olduğuna görə nasosla yaşamağı üstün tutublar.Ümumilikdə, sınaq nəticələri uğurlu hesab olunub, çünki sınaq iştirakçılarının əksəriyyəti köməkçi nasos olmadan transplantasiyaya qədər yaşaya bilməzdilər.
ÜZƏRİNDƏ ƏMƏLİYYAT OLUNMUŞ İBRAHİM MANSUROVLA “ÇOX YAŞA” JURNALI ÜÇÜN EKSKLYUZİV MÜSAHİBƏ.
İbrahim bəy, neçə gündür diqqət mərkəzindəsiniz.Yormadıq sizi?
Yox, əksinə yaxşıdır.Söhbət edirəm, başım qarışır.
Bəs, xəstəxana şəraiti necə, yormadı sizi?
Mən ki bura belə bir əziyyətnəngəlmişəm, elə bil, sanatoriyaya istirahətə gəlmişəm.
Bir-iki günə artıq evə buraxılacaqsınız. İlk olaraq nə edəcəksiniz, nə üçün darıxmısınız?
Birincisi, ürəyimin qeydinə qalasıyam.
Əvvəllər qalmırdınızmı?
Qalırdım. Elə bil ki, bu məndə hiss eləmədən əmələ gəldi. İndi bunu tapmışam mən. Nə qədər olmasa da,qorumaq lazımdır.
Əməliyyata girərkən nələr barədə düşünürdüz?
Heç nə fikirləşmədim. Allaha yalvardım, məni ailəmə uşaqlarıma bağışlasın. Başqa heç bir şey fikirləşməmişəm.
Özünüz inanırdınızmı hər şey uğurlu olacaq?
Kamran həkimə inanmışdım, suyu çəkmişdi məni. O mənə dedi ki, yaxşısı, səni əməliyyat etmək lazımdır. Mən də risk elədim. Həyatdır, risk eləmək lazımdır.
Dediniz ki, ürəyinizin qeydinə qalacaqsınız. Nələrdən ibarət olacaq bu?
Tam sağalana kimi istirahətimi edəcəm. Yeriyə bilmirdim, üç il idi ki, evdə pəncərədən çölə baxırdım. Şükür, indi hərəkət edə bilirəm, get-gedə daha yaxşı olacaqdır. İdman və hərəkətlər edirəm ki, bu proses tezləşsin.
Ürəyinizdən hansı yeməklər keçir?
Gələnlər yemək gətirirlər, sağ olsunlar. Bu gün düşbərə yemişəm. Bu yataq rejimində mən şorba və yüngül yeməklər yeyirəm ki, çox da gücə düşməyim.
Nədən imtina edəcəksiniz?
İmtina edəsi ayrı işim yoxdur mənim. Siqareti üç ildir tərgitmişəm. İçki ilə o qədər aram yox idi.
Həyatı sevirsinizmi?
Sevməsəydim, mən bura risk edərdimmi. Həyatı sevirəm deyə risk edib gəldim bura. Azərbaycanın bütün xəstəxanaların gəzmişəm.Gürcüstana getmişəm.Orda hətta yalnış diaqnozdan müalicə də aldım.Axırda Mərkəzi Klinikaya gəldim, burda tapdım dəqiq diaqnozu.Mənə əvvəllər stenokardiya diaqnozu ilə müalicə aparıblar.Burda isə mənə holter qoydular, amma metroya düşməyə icazə vermədilər.Axşamı yatıb, səhər yenə gəldim.Dedilər ki, aritmiyan var. Başqa orqanlarım da narahat idi, mədəm problem yaradırdı, ciyərlərimdə xırıltı var idi, əllərim donurdu, ayaqlarım üşüyürdü, yatanda boğulurdum.
Quraşdırılmış, süni ürəklə sevmək necədir?
Həmişəki kimi, eyni şeydir.Mənim beynim dəyişməyib.Hər şey yerindədir (gülür).Necə əvvəlki həyatda yaşayırdım, o davam edir.Həyat davam edir, bir sözlə.
Söhbətləşdi: Sevda Güləhmədova.
AZƏRBAYCANDA İLK UĞURLU “SÜNİ ÜRƏK KÖÇÜRÜLMƏSİ”
21  YANVAR TARİXİNDƏ MƏRKƏZİ KLİNİKADA MÜHÜM BİR TİBBİ HADİSƏ-  AZƏRBAYCANDA İLK UĞURLU «SÜNİ ÜRƏK KÖÇÜRÜLMƏSİ» ƏMƏLİYYATINA HƏSR OLUNAN TƏDBİR KEÇİRİLDİ. TƏDBİRİN GENİŞ OXUCU KÜTLƏSİNƏ İŞIQLANDIRILMASI ÜÇÜN «ÇOX YAŞA» JURNALI OLARAQ BİZ DƏ XÜSUSİ DƏVƏT ALMIŞDIQ.HƏTTA BELƏ BİR MÜHÜM HADİSƏNİN TƏBLİĞİ NAMİNƏ «ÇOX YAŞA» VERİLİŞİ EKSKLYUZİV BURAXILIŞ HƏSR ETDİ.
Bu uğurlu əməliyyatı Mərkəzi Klinikanın kardioloqu Dr. Kamran Musayev 44 yaşlı pasiyentin üzərində aparıb.“Dilatasion kardiomiopatiya” adlı xəstəlikdən uzun müddətdir əziyyət çəkən İbrahim Mansurov adlı şəxs son ümid yerini Mərkəzi Klinikada tapmışdır.

Klinikanın Ürək Mərkəzində bu sahənin ixtisaslaşmış kardioloqları tərəfindən hərtərəfli müayinələrdən keçən pasiyentə “uzunmüddətli süni ürək cihazının taxılması” məsləhət görülmüşdür.  Onu da qeyd edək ki, süni ürək cihazının taxılması- son mərhələyə yetişmiş  ürək   çatışmazlığının müalicəsində istifadə olunan ən müasir və effektiv metoddur.
Pasiyentə ABŞ istehsalı olan “HeartMate 2” süni ürək cihazı implantasiya edilib.Belə bir implantasiyadan pasiyentin uzun müddətə istifadə edəcəyi nəzərdə tutulub. Əməliyyatdan sonrakı gedişat  tamamən normal qeyd olunub.  Hazırda süni ürək cihazı normal funksiya göstərir.Bunun da nəticəsi olaraq, pasiyentin əməliyyatdan əvvəl pozulmuş hemodinamik və funksional göstəriciləri də tam qaydasına düşüb.
«AVROPA VƏ AMERİKA İLƏ MÜQAYİSƏDƏ, ƏMƏLİYYAT BİZDƏ QAT-QAT UCUZ MƏBLƏĞƏ BAŞA GƏLİR.»
Kamran Musayev: “İstehsalçı şirkətdən bu cihaz haqqında texniki dəstəyi almışıq. Cihazın digər oxşarları ilə fərqi odur ki, əvvəlki cihazların tətbizi zamanı xəstəni evə, işə buraxmaq mümkün deyildi. Lakin “HeartMate 2” cihazını tətbiq etdiyimiz pasiyentimiz cihazın kiçik bir çantasını və yaxud kəmərini üzərində daşıyaraq  rahatca işə, məktəbə gedə bilir. Ən böyük fərq budur.İlk belə əməliyyatlar Böyük Britaniyada, ABŞ-da başmaışdır. Texnologiyanın inkişafı və yenilənməsinə diqqət  etmək lazımdır.  Fikir verin, bir faktı qeyd edim ki, bu gün xəstəyə tətbiq  etdiyimiz cihazın çəkisi 400 qramdır.  Donor ürəyi bütün dünyada problemli haldır.Donor çatışmazlığı səbəbilə belə xəstələrin böyük əksəriyyəti donor gözləmə müddətində itirilir.Bu hadisəni biz də yaşamışıq. Süni ürək cihazları donor  ürəyinə ciddi bir alternativdir. Həm də nəticə effektivliyi donor ürəyinə yaxınlaşmışdır.Hesab edirəm ki, bir neçə ildən sonra cihazların uzun müddətli effekivliyi donor ürəyi ilə eyni olacaq.Tətbiq etdiyimiz yeni əməliyyat yüksək riskli bir prosesdir.Çünki xəstənin özü çox ağır vəziyyətdə olub, tamamilə hərəkətsiz halda yatağa bağlı qalmışdı.Ürəyində genişlənmə olduğu üçün, həm də ürəyinin 2/3 hissəsi trombla (qan laxtası ilə) dolmuş vəziyyətdə idi.  Allaha çox şükür olsun ki,əməliyyat uğurla bitdi, pasiyentin vəziyyəti hal-hazırda yaxşıdır. Belə əməliyyatın ölkəmizdə aparılması bizə 2 şey qazandırır.Birincisi, bu cür xəstələrin xarici ölkələrə axınının qarşısını alır.İkincisi, Avropa və Amerika ilə müqayisədə, əməliyyat bizdə qat-qat ucuz məbləğə başa gəlir.”
Ürək cərrahiyyəsi sahəsində yeni zirvələrdən biri olan “süni ürək köçürülməsi”  əməliyyatı kifayət qədər kompleks bir əməliyyatdır. Yüksək dərəcəli, ixtisaslaşmış kadrlar və modern texnologiyanın istehsalı olan cihazlar tələb olunduğuna görə, bu əməliyyat bütün mərkəzlərdə tətbiq edilə bilmir.Lakin qürurverici hal odur ki, artıq respublikamızda belə bir mühüm əməliyyat həyata keçirilir.Digər tərəfdən, adı keçən əməliyyat Qafqazda ilk dəfə Azərbaycanda həyata keçirilib və uğurla nəticələnib.
Əkbər Kərimov
“ÇOX YAŞA” jurnalı. 

Share This: