2 nömrəli uşaq evinin sakinləri kardioloji müayinədən keçirilmişdir

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşəbbüsü ilə ölkəmizdə ilk dəfə olaraq Dünya Ürək Günü geniş səviyyədə qeyd edilir. Bu münasibətlə cəmiyyət tərəfindən silsilə tədbirlər həyata keçirilir.

Sentyabrın 22-də Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yerləşən 2 nömrəli uşaq evində 40 uşaq kardioloji müayinədən keçirilmişdir.

Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tibb elmləri namizədi Kamran Musayev bildirmişdir ki, artıq 10 ildir Dünya Ürək Federasiyası tərəfindən Dünya Ürək Günü qeyd edilir.
Sentyabrın 26-da qeyd ediləcək Dünya Ürək Günü ərəfəsində Dünya Səhiyyə Təşkilatı və Dünya İqtisadi Forumunun tərəfdaşlığı ilə qlobal ürək-damar xəstəliklərinin 10 illik hesabatı açıqlanacaq, Ürək Federasiyasına üzv təşkilatlar və tərəfdaşlar ictimai müzakirələr aparacaq və digər tədbirlər təşkil edəcəklər.
Tədbirdə kardioloji briqada uşaqları kardioloji müayinədən keçirmişdir. Müayinə zamanı əsasən exokardioqrafiya müasir ultrasəs aparatından istifadə edilmişdir. Uşaqların sağlamlığının normal olduğu bildirilmişdir.
2 nömrəli uşaq evinin direktoru Sevda Hacıyeva bildirmişdir ki, rəhbərlik etdiyi uşaq evi 2000-ci ilin oktyabrından fəaliyyət göstərir. Hazırda burada 135 nəfər valideyn himayəsindən məhrum olmuş uşaq yaşayır və təhsil alır. Uşaqların rahat yaşaması üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılmışdır. Onlar üçün müasir tələblərə cavab verən idman zalı, basketbol, voleybol və futbol meydançaları və s. vardır. Müəssisə 3 korpusdan ibarətdir. Yüksək səviyyədə kitabxanamız vardır. Bundan əlavə, rəqs, akt zalları, tikiş, kompyuter otaları və s. uşaqların istifadəsinə verilmişdir. Uşaqlara tibbi xidmət yüksək səviyyədədir. Hazırda burada 3 yaşdan 16 yaşadək olan uşaqlar yaşayır.

Share This: