Cəmiyyət üzvləri təcrübələrini genişləndirir

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin üzvləri mütəmadi olaraq dünyanın öndə gedən klinikalarında təcrübə keçmək üçün qısa və uzun müddətli kurslara göndərilir.

Əldə olunan razılaşmalara əsasən, 11-15 yanvar 2010-cu il tarixdə Cəmiyyətin üzvü, Mərkəzi Klinik Xəstəxananın məsul perfuzioloqu Nərgiz Abdullayeva belə kurslardan birində iştirak etmişdir. Sözügedən kurs Hollandiyanın Nieuwegein şəhərindəki məşhur St. Antonius xəstəxanasında olmuşdur. Kurs zamanı həkim Nərgiz Abdullayeva ürək cərrahiyyəsinin vacib komponenti olan perfuziologiyanın ən son nailiyyətləri ilə yaxından tanış olmuş, perfuziologiyanın aktual problemlərini dünyanın ən təcrübəli perfuzionistləri ilə müzakirə etmişdir. Azərbaycanlı mütəxəssis müasir tibb texnologiyasının ən son nailiyyətlərindən hesab edilən HL30 – süni qan dövranı cihazı və Rotaflow – dəstək cihazının işləmə prinsiplərini dərindən mənimsəmişdir.

2002-ci ildən Mərkəzi Klinik Xəstəxanada çalışan Nərgiz Abdullayeva mütəmadi olaraq bu cür kurslarda iştirak edir. Onu da qeyd edək ki, Mərkəzi Klinik Xəstəxanaya son zamanlar alınan texniki avadanlıqlar arasında məhz HL30 və Rotaflow cihazları da var.

Share This: