AÜDCC-nin Nizamnaməsi

“AZƏRBAYCAN ÜRƏK VƏ DAMAR CƏRRAHİYYƏSİ CƏMİYYƏTİ”
İCTİMAİ BİRLİYİNİN NİZAMNAMƏSİ

I. ÜMUMİ  MÜDDƏALAR

1.1 “Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti” ictimai birliyi ( bundan sonra – Birlik adladırılacaq) ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri – hökümət təşkilatıdır və fəaliyyəti bütün ölkə ərazisini əhatə edir.
1.2 Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, “Qeyri-hökümət təşkilatları ( ictimai birlik və fondlar ) haqqında” Azərbaycan Respublikasının Qanunu, digər normativ-hüquqi aktlar və bu Nizamamə əsasında həyata keçirir.
1.3 Birlik Azərbaycan Respublikasının ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı vaxtdan hüquqi şəxs statusunu qazanır. Birliyin müstəqil balansı, üzərində adı yazılmış möhürü, ştampı, Azərbaycan Respublikasının banklarında hesablaşma hesabı və digər rekvizitləri vardır.
1.4 Birlik öz adından müqavilələr bağlaya, əmlak və şəxsi qeyri-əmlak hüquqlarını əldə edə, vəzifələr daşıya, məhkəmədə iddiaçı və cavabdeh qismində çıxış edə bilər.
1.5 Birliyin yerləşdiyi ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Parlament prospekti, 76.

II. BİRLİYİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

2.1 Birliyin fəaliyyətinin məqsədi ürək və damar cərrahiyyəsi sahəsində tibb elminin daha da inkişaf etdirilməsi və bu sahədə yüksək nailiyyətlərin əldə edilməsi məqsədilə xüsusi proqram və layihələrin həyata keçirilməsində iştirak etməkdən ibarətdir.
2.2 Birlik bu məqsədlərə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:
• Azərbaycanda ürək – damar xəstəlikləri ilə əlaqədar problemləri və onların səbəblərini araşdırmaq
• Azərbaycanda ürək – damar xəstəliklərinin müalicəsinin beynəlxalq standartlar səviyyəsində təşkil olunmasında fəal iştirak etmək
• Azərbaycanda ürək – damar cərrahiyyəsi təhsilinin və ümumiyyətlə tibb təhsilinin müasirləşdirilməsində aktiv iştirak etmək
• Azərbaycan üçün uyğun olan proqnozlaşdırma modellərini hazırlamaq
• əlillərə , şəhid ailələrinə, kimsəsizlərə, təbii fəlakətdən və digər faciəvi hadisələrdən zərərçəkənlərə maddi, mənəvi və hüquqi cəhətdən yardım göstərmək
• istedadlı tibb xadimlərinə, elmi-pedaqoji işçilərə, idmançılara, tələbə və şagirdlərə, habelə tibb sahəsində ictimayyətin rəğbətini qazanmış şəxslərin daha da inkşaf etmələrinə maddi və mənəvi yardım göstərmək
• tarixi tibb xadimlərinə aid abidələrin və səhiyyə tikintilərinin bərpası və qorunması üçün mədəni-kütləvi xeyriyyə tədbirləri həyata keçirmək
• cəmiyyət üzvlərinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlər görmək
• donor təşkilatların vəsaiti hesabına sosial cəhətdən az qorunan əhaliyə, gənclərə və ayrı-ayrı bölgələrə xeyriyyə və inkişaf proqramlarında nəzərdə tutulmuş tədbirləri həyata keçirmək
• qan və onun komponentlərinin təmin edilməsi işinin ölkə miqyasında inkişafı üçün əsaslı tədbirlərin həyata keçirilməsində iştirak etmək
• yoluxucu xəstəliklərə və uşaq ölümlərinə qarşı aparılan tədbirlərdə iştirak etmək
• ehtiyacı olan xəstələrə müalicələrində köməklik göstərmək
• əlillik hallarının profilaktik və müalicəvi tədbirlərinin həyata keçirilməsində iştirak etmək
• narkomaniya və QİÇS xəstələrinə və onların ailə üzvlərinə mənəvi və maddi köməklik göstərmək, onlara hüquqlarının və qanuni mənafelərinin qorunmasında kömək etmək
• Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında, dünya ölkələri arasında mədəni əlaqələrin yaradılmasında fəal iştirak etmək
• Bu Nizamnamədən irəli gələn başqa vəzifələri həyata keçirmək.
2.3 Bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün Birlik:
• Xarici dövlətlərdə fəaliyyət göstərən ürək – damar cərrahiyyəsi cəmiyyətləri və müxtəlif qeyri-hökümət təşkilatları ilə əlaqələr qurur və onlarla birlikdə layihələr həyat keçirir
• Elmi araşdırmalar, müxtəlif kurslar və seminarlar, dairəvi masa və görüşlər, sərgilər təşkil edir, konfranslar, konqreslər, xeyriyyə marafonları, digər mədəni-kütləvi tədbirlər keçirir
• Məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yayır, qanunvericiliyə müvafiq qaydada kütləvi informasiya vasitələri, mətbu nəşrlər təsis edir
• Xarici ölkələrdə fəaliyyət göstərən təşkilatların onun məqsəd və mənafelərinə zidd olmayan tədbirlərinə qoşulur, nümayəndələr mübadiləsini həyata keçirir.
2.4 Birlik Nizamnamədən irəli gələn məqsəd və vəzifələri həyata keçirmək üçün
qanunla müəyyən edilmiş qaydada sahibkarlıq fəaliyyəti ilə məşgul ola bilər.
2.5 Birlik Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli
Məclisinin və bələdiyyələrin seçkisində iştirak edə bilməz.

III. BİRLİYİN ƏMLAKI VƏ MALİYYƏ FƏALİYYƏTİ

3.1 Birliyin mülkiyyətində binalar, qurğular, mənzillər, avadanlıqlar, inventarlar, pul vəsaitləri, səhmlər, digər qiymətli kağızlar və bu Nizamnamə ilə nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı üçün qanunvericiliklə qadağan olunmamış növlərdə əmlak ola bilər.
3.2 Birlik öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq özgəninkiləşdirilə bilər.
3.3 Birliyin əmlakının pul və digər şəkildə formalaşdırılması mənbələri aşağıdakılardır:
• təsisçilərin və ya Birlik üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları
• idarə, müəssisə, yerli və beynalxalq təşkilatların və vətəndaşların könüllü verdikləri əmlak haqları və ianələri
• səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividendlər, gəlirlər
• öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər
• qrantlar
• sərgilərdən, konsertlərdən və digər tədbirlərdən əldə olunan gəlirlər
• təsis etdiyi müəssisələrin fəaliyyəti nəticəsində əldə olunan gəlirlər
• qanunvericiliklə qadağan olunmamış digər mədaxillər.
3.4 Birliyin üzvləri onun mülkiyyətinə daxil olan ayrı-ayrı obyektlər üzərində xüsusi
hüquqlara malik deyil.
3.5 Birlik Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada
öz fəaliyyətinin məqsədlərinə və əmlakın təyinatına müvafiq olaraq öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir.
3.6 Birliyin hesabına daxil olmuş məqsədli vəsait başqa istiqamətlərdə xərclənə bilməz.
3.7 Birlik siyasi partiyalara maliyyə və başqa maddi yardım göstərə bilməz.
3.8 Birlik qanuvericiliklə müəyyən edilmiş qaydada maliyyə, statistik və sair hesabatlar tərtib edir və dövlət orqanlarına təqdim edir.

IV.BİRLİYİN TƏSİSÇİLƏRİ  VƏ ÜZVLƏRİ, ONLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ.

4.1 Birliyin təsisçiləri ürək-damar cərrahiyyəsi sahəsində fəaliyyət göstərən hüquqi şəxslər ( dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla ) və ya 18 yaşına çatmış fiziki şəxslər ola bilərlər.
4.2 Təsisçilər bərabər hüquqlara malikdirlər. Təsisçilərin qarşılıqlı münasibətləri, hüquq və vəzifələri qanunvericiliklə, yaxud onların arasında bağlanmış müqavilə ilə və ya bu Nizamnamə ilə müəyyən edilir.
4.3 Azərbaycan Respublıkasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər. Birliyin təsisçiləri həm də Birliyin üzvləri hesab olunurlar.
4.4 Birliyə üzvlərin qəbulu Birliyin İdarə Heyəti tərəfindən aparılır.
4.5 Birliyə daxil olmaq üçün idarə heyətinə yazılı şəkildə müraciət edilir. ərizəyə 1 ay müddətində baxılır. Səsvermə nəticəsində idarə heyətinin üzvlərinin yarıdan çoxu bu məsələyə müsbət münasibətlərini bildirdikdə, ərizəçi Birliyin üzvü seçilmiş hesab edilir.
4.6 Birliyin üzvəri öz aralarında bərabər hüquqlu olub aşağıdakı hüquqlara malikdirlər:
• bu Nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada təşkilatın idarəçiliyində iştirak etmək
• Birliyin hər hansı seçkili, o cümlədən rəhbər orqanına seçmək və ya həmin orqanlarda təmsil olunmaq
• Birliyin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək
• Birliyin rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq, fəaliyyətinə nəzarət etmək
• öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün Birliyə müraciət etmək
• onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak
etmək, Birliyin müvafiq orqanlarına etirazını bildirmək və şikayət etmək.
4.7 Birliyin üzvü yalnız Birliyin müvafiq orqanları səlahiyyət verdikdə həmin orqanı
təmsil edə və ya onu adından bəyanatla çıxış edə bilər.
4.8 Birliyin üzvləri aşağıdakı vəzifələri daşıyırlar:
• Birliyin Nizamnaməsinə əməl etmək
• Birliyin seçkili orqanlarının qərarlarını yerinə yetirmək
• Nizamnamə tələblərinə riayət etmək
• Birliyin tədbirlərində iştirak etmək.
4.9 Birliyə üzvlük haqqının mıqdarı Birliyin İdarə Heyəti tərəfindən müəyyən
edilir.
4.10 Birliyə üzvlüyə aşağıdakı hallarda xitam verilir:
• könüllü olaraq Birliyin üzvlüyündən çıxdıqda
• Birliyin üzvlüyündən çıxarıldıqda.
4.11 Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir:
• Birliyin adına ləkə gətirən hərəkətlərə yol verdikdə
• mütəmadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda
• Nizamnamə məqsədlərinə zidd hərəkət etdikdə.
4.12 Üzvlükdən, təsisçilikdən çıxarılma İdarə Heyətinin qərarı ilə həyata keçirilə bilər.
4.13 Birlik üzvünün həmin qərardan Birliyin ali idarəetmə orqanına və məhkəməyə
şikayət etmək hüququ vardır.

V. BİRLİYİN TƏŞKİLATİ STRUKTURU VƏ İDARƏETMƏ ORQANLARI.

5.1 Təşkilatın ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Konqresdir.
Növbədənkənar Konqres Birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçtə bir hissəsinin təşəbbüsü ilə çağırılır.
5.2 Birliyin təsisçilərinə və üzvlərinə yığıncağın yeri və vaxtı haqqında iki həftə əvvəl məlumat verilməlidir.
5.3 Birliyin Sədri , onun müavinləri, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri, İdarə Heyətinin üzvləri, Konqresin təbii üzvləridir.
5.4 Konqres:
• Birliyin yenidən təşkil edilməsi, yaxud onun fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edir
• Nizamnaməni qəbul edir və ona dəyişikliklər əlavə edir
• Birliyin əsas fəaliyyət istiqamətlərini müəyyən edir
• Birliyin əmlakının formalaşmasını və istifadə prinsiplərini müəyyən edir
• Birliyin icra orqanlarını yaradır və onların səlahiyyətlərini vaxtından əvvəl dayandırır
• illik hesabatı təsdiq edir
• başqa təşkilatlarda iştirak barədə qərar qəbul edir
• Birliyin icra orqanıın rəhbərlərinin hesabatını dinləyir
• Birliyin Sədrini, İdarə heyətini, Mərkəzi Nəzarət-Təftiş komissiyasını seçir.
5.5 Konqres yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab
olunur.
5.6 Konqres Nizamnaməni, Nizamnaməyə əlavə və dəyişiklikləri, Birliyin yenidən
təşkili və fəaliyyətinə xitam haqqında qərarı 2/3, digər qərarları sadə səs çoxluğu ilə qəbul edir. Hər bir üzv bir səsə malikdir.
5.7 Konqresə Birliyin Sədri və ya onun müavinləri sədrlik edir.
5.8 Konqreslərarası dövrdə Birliyin rəhbər orqanı İdarə Heyətidir.
5.9 İdarə Heyəti:
• Birliyin üzvlüyünə qəbul edir və üzvlükdən azad edir
• təkliflər və layihələr irəli sürür
• Birliyin filiallarını yaradır və nümayəndəliklərini açır
• Birliyin başqa idarəetmə orqanlarının müstəsna səlahiyyətlərinə aid edilməyən bütün məsələləri həll edir
• Konqreslərarası dövrdə Birliyə, onun yerli orqanlarına rəhbərlik edir
• ayda bir dəfədən az olmayaraq mütəmadi iclaslarını keçirir
• Sədrin müavinlərini seçir
• Sədr tərəfindən təyin edilmiş şöbə müdirlərini və katiblərini təsdiq edir
• Meydana çıxmış fövqəladə problemlərlə bağlı müvəqqəti komissiyalar yaradır.
5.10 İdarə Heyətinin tərkibi 15 ( on beş ) nəfərdən çox olmayaraq
müəyyənləşdirilir.
5.11 İdarə Heyəti üzvlərinin yarsından çoxu iştirak etdikdə səlahiyyətli sayılır və
qərarları sadə səs çoxluğu ilə qəbul edilir.
5.12 İdarə Heyətinin sədri, müavinləri və digər üzvləri Birliyin Ümumi
Yığıncağı tərəfindən 3 ( üç ) il müddətinə seçilir.
5.13 Sədr :
• Birliyin bütün fəaliyyətinə rəhbərlik edir və bunun üçün məsuliyyət daşıyır
• Birliyi təmsil edir, onun adından müqavilələr bağlayır, sərəncam və göstərişlər verir, bəyanatlar qəbul edir
• İdarə Heyətinin fəaliyyətinə rəhbərik edir
• şöbə müdirlərini və katiblərini vəzifəyə təyin və azad edir
• görülmüş işlər və planlar barədə İdarə Heyətinə məruzə edir.
5.14 Birliyin idarə edilməsini asanlaşdırmaq və fəaliyyətinin tənzimlənməsi üçün
İdarə Heyəti tərəfindən sədrə təşkilati, elmi və ideoloji işlər üzrə 3 ( üç ) müavin seçir.
5.15 Təşkilati işlər üzrə müavin Birliyin bütün təşkilati məsələlərinin icrasına
məsuldur.
5.16 Elmi işlər üzrə miavin Birliyin elmi fəaliyyəti ilə əlaqədar işlərinə
rəhbərlik edir.
5.17 İdeoloji işlər üzrə müavin Birliyin prinsip və məqsədlərinin təbliğ və təşviq
olunması işinə rəhbərlik edir.
5.18 İdarə Heyəti öz icra funksiyasını katiblik və şöbələr vasitəsi ilə həyata keçirir.
5.19 Katiblik iki nəfərdən ibarət olur və sədrin təqdimatı ilə İdarə Heyətində təsdiq edilir.
5.20 Katiblik Nizamnamədən, rəhbər orqanın qərarlarından irəli gələn və Birliyin
fəaliyyətini tənzimləyən təlimat və digər sənədləri hazırlayıb İdarə Heyətinə təqdim edir.
5.21 Birliyin şöbələri:
• Birliyin fəaliyyətinin lazımi sahələrinə uyğun şəkildə İdarə Heyəti tərəfindən yaradılır
• şöbələrə Sədr tərəfindən təyin edilən, İdarə Heyəti tərəfindən təsdiq edilən müdirlər rəhbərlik edir.
5.22 Mərkəzi Nəzarət-təftiş Komissiyası Birliyin rəhbər orqanlarının və vəzifəli
şəxslərin qəbul etdiyi qərarların və etdiyi hərəkətlərin Nizamnaməyə uyğunluğuna nəzarət edir və bununla əlaqədar İdarə Heyəti qarşısında məsələ qaldırır.
5.23 Mərkəzi Nəzarət-təftiş Komissiyasının 4 ( dörd ) üzvü və sədri Konqresdə 3 ( üç ) il müddətinə seçilir.
5.24 Mərkəzi Nəzarət-təftiş Komissiyasının üzvlərinin yarsından çoxu iştirak etdikdə
səlahiyyətli sayılır və qərarları sadə səs çoxluğu ilə qəbul edilir.

VI. BİRLİYİN FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ

6.1 Birliyin fəaliyyətinə onun yenidən təşkil edilməsi ( birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə ) və ləğv edilməsi yolları ilə xitam verilir. Birliyin fəaliyyətinə xitam verilməsi mövcüd qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
6.2 Birliyin fəaliyyətinə xitam verilməsi haqqında qərarı əsasən ləğv etmə komissiyası yaradılır. Bu andan Birliyin idarəçiliyi ilə əlaqədar bütün səlahiyyətlər ona keçir. Ləğv etmə komissiyası ləğvetmə balansını tərtib edir. Birliyin ləğvi zamanı büdcə ilə hesablaşmalardan və kreditorların tələbləri ödənildikdən sonra qalan əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada Nizamnamə məqsədlərinə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir. Birliyin ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına əsasən həyata keçirilir.

VII. DİGƏR ŞƏRTLƏR

7.1 Bu Nizamnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiliklə tənzimlənir.
7.2 Gələcəkdə bu Nizamamənin müddəaları qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müddəaları tətbiq edilir.

Share This: